Logo

“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi


"Qarabağ”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib. Topxeber.az-ın məlumatına görə,ilk dəfə qitənin ən mötəbər klub turnirində çıxış edəcək Ağdam təmsilçisi rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Artıq bununla bağlı UEFA ilə razılıq əldə olunub. "Qarabağ”ın Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan arenada ilk matçı isə sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün "Roma”nı sınağa çəkəcəklər. Oktyabrın 18-də "Atletiko Madrid” və noyabrın 22-də "Çelsi” ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq. Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu 68 min 870 nəfərdir. "Qarabağ” isə bunadək ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi. BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov stadiona baş çəkib. Onun sözlərinə görə, Qurbanov stadionun şəraitindən və ot örtüyünün vəziyyətindən razı qalıb. C.Sultanova bildirib ki, oyunlar 90 faiz ehtimalla BOS-da keçiriləcək, son qərar isə sabah açıqlanacaq. Topxeber.az