Logo

Azərbaycanın təklif etdiyi yeni “Cənub-Qərb” dəhlizinin iqtisadi və siyasi önəmi nədir?


Azərbaycan hökumətinin siyasəti 1-2 il üçün nəzərdə tutulmayıb. Bunu Topxeber.az-a Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət QuliyevAzərbaycanın cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklifini dəyərləndirərkən deyib. Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif etdiyini deyib. O, bunu Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, konkret fəaliyyət planı üzərində çalışılacaq və layihələr təqdim ediləcək. Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının Bakı görüşünün bəyannaməsinin mətnində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla “Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi qeyd edilib. Onun sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan hökumətinin siyasəti 1-2 il üçün nəzərdə tutulmayıb: “Bunun bəhrəsini ola bilsin 5-10 ildən sonra görək”. Deputat bu məsələdə İranı öz tərəfimizə çəkməyin vacibliyini vurğulayıb: “Çalışmalıyıq ki, İran bizimlə işləsin, çünki İranda bəzi dairələr Ermənistana tərəf meyillidir”. Quliyev İranın öz tərəfimizə çəkməyin önəmini onunla əsaslandırıb ki, dünyada iqtisadi və siyasi məsələlər bir-birini tamamlayır: “ Qonşu və dost ölkələrin Azərbaycanın təşəbbüs göstərdiyi beynəlxalq layihələrə nə qədər çox marağı olsa, onlar rəsmi Bakıya siyasi baxımdan bir o qədər dəstək verəcəklər. Biz hətta çalışırıq ki, siyasi baxımdan neytral ölkələri əməkdaşlığa cəlb edək ki, Azərbaycanla birgə layihələr quranda və iqtisadi qazanc əldə edəndə, bizə daha çox siyasi dəstək olsunlar. Azərbaycan dünyanın bütün ölkələri ilə iqtisadi və siyasi münasibətləri inkişaf etdirir. Ermənistan yeganə dövlətdir ki, Dağlıq Qarabağ münaqişəsi tam həll olunmayanədək və işğal olunmuş ərazilər geri qaytarılmayanadək biz onunla əlaqə qurmayacağıq”. Millət vəkili “Cənub-Qərb”nəqliyyat dəhlizi təklifinin Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinin daha bir bariz nümunəsi olduğunu diqqətə çatdırıb:  “ Buna horizantal diversifikasiya deyirlər. Yəni biz çalışırıq ki, daha çox qeyri-neft sektorunu inkişaf etdirək, ölkəyə valyuta daxilolmalarını təkcə neft-qaz sektoru ilə deyil, həm də xidmətlər və qeyri-neft sektoru vasitəsilə təmin edək”. Quliyevin sözlərinə görə, “Cənub-Qərb” nəqliyyat dəhlizi yüklərin daşınmasına sərf edilən vaxta xeyli qənaət etməyə imkan verəcək. O diqqətə çatdırıb ki, hazırda yüklərin daşınmasında vaxt məsələsi önəm kəsb edir: “İndi yeni trend var. Bu da ondan ibarətdir ki, yükdaşıma xidmətinə çəkilən xərclərin çoxluğu deyil, ona sərf olunan vaxtın azlığı əhəmiyyətlidir”. Deputat əlavə edib ki, Azərbaycan artıq nəqliyyat qovşağına çevrilib: “Ölkəmiz Asiya və Avropa arasında özünəməxsus yer tutub. Azərbaycan hökuməti çalışır ki, nəqliyyat və logistika xətlərini artırsın. Təbiidir ki, nə qədər çox ölkə bu xətlərə qoşulsa, Azərbaycan üçün bir o qədər müsbət cəhəti olacaq”. Məftun Salmanov