Logo

Polkovnik Ramaldanov Şirinyanın “Yevlax tezisini” faktlarla yalanladı


Erməni politoloqun bu cür formada çıxış etməsi onu göstərir ki, o, siyasətçi olduğunu unudub və hərbi sahədən anlayışı yoxdur, çünki hərbi baxımdan bu istiqamətin seçilməsinin heç bir əsası yoxdur. 

Bunu Topxeber.az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov erməni politoloq Levon Şirinyanın “Yevlaxa zərbə endirilərsə, Azərbaycanın onurğa sütunu sınacaq” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın iqtisadi vəziyyəti və ölkənin Silahlı Qüvvələrinin imkanları hücum əməliyyatı keçirməyə yetmir. Ramaldanov qeyd edib ki, bunun üçün hücum edən tərəfin güclü iqtisadi və hərbi göstəriciləri olmalıdır.

Hərbi ekspert xatırladıb ki, bu günün Azərbaycanı 90-cı illərin əvvəllərinin Azərbaycanı deyil: “Həmin vaxt siyasi vəziyyət eləydi ki, əhali SSRİ-nin dağılacağına inanmırdı. Azərbaycanın Silahlı Qüvvələri və demək olar ki, silah-sursatı yox idi. Əhalinin əlindən silahlar yığılmışdı. Bundan fərqli olaraq ermənilər münaqişəyə on illər ərzində hazırlaşmışdılar, pul yığırdılar, gizli yollarla silah əldə edirdilər və ruslarla əlbir olmuşdular.  Bu günün Azərbaycanı o dövrün Azərbaycanı deyil ki, Ermənistan ordusu hansısa istiqamətə hücum edib torpaq ələ keçirsin”.

O diqqətə çatdırıb ki, müharibə etmək istəyən tərəfin qarşı tərəflə müqayisədə müəyyən üstünlüyü olmalıdır: “İqtsadi baxımdan Azərbaycanla Ermənistanı müqayisə belə etmək istəmirəm. İnsan resursu baxımdan isə ölkəmiz işğalçı dövləti bir neçə dəfə üstələyir. Silah-sursat cəhətinə gəldikdə isə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütöv dövlət büdcəsinə bərabərdir. Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun statistik məlumatına əsasən, Ermənistan 2016-2017-ci illər ərzində ümumi dəyəri 124 milyon dollar silah idxal edib. Azərbaycan isə eyni müddət ərzində 551 milyon dollar dəyərində silah alıb”.

Ramaldanov sadaladığı faktlarla erməni politoloqunun fikirinin heç bir əsasının olmadığını sübut yetirdiyini deyib: “ Erməni politoloqunun  könlündən çox şey keçə bilər. Amma fakt budur ki, müharibə zamanı hücum edən tərəf müdafiə olunan tərəfdən nisbətdə 3-4 dəfə güclü olmalıdır ki, hərbi əməliyyat uğurla nəticələnsin”.

 Ermənistanın orduda xidmət edə biləcək əsgər tapmaqda çətinlik çəkdiyini deyən hərbi ekspert Azərbaycan ordusunun peşəkarlardan təşkil olunduğunu qeyd edib və əlavə edib ki, kadr potensialı baxımdan ölkəmiz düşməni xeyli üstələyir.

O əlavə edib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan tərəfi Azərbaycan ordusunun azad etdiyi ərazilərin yenidən işğal ediləcəyini və ya başqa istiqamətdə torpaqların işğal ediləcəyinə dair vəd versə də bunu reallaşdıra bilmədi: “Bu məqsədlə təşkil etdikləri diversiya qrupları tərəfimizdən məhv edildi. Belə istəkləri var, amma halva-halva deməklə ağız şirin olmaz”.

Xatırladaq ki, erməni politoloq Levon Şirinyan bildirmilşdi ki, Rusiya ilə razılaşma halında Ermənistan ordusu dayanıqılıq əldə etmək üçün Kür-Araz ovalığına, sahilə doğru irəliləyə bilər: “İlk başlanğıc nöqtəsi Yevlax olacaq.  Yevlaxa zərbə endirilərsə, Azərbaycanın onurğa sütunu sınacaq”.

Məftun Salmanov