Logo

Şagirdlər tətildə hansı kitabları oxumalıdır? – Tanınmışların tövsiyələri


Şagirdlərin  tətili daha səmərəli keçirmələri üçün mütaliə etmələri əsas şərtlərdən biridir. Bu qısa müddət ərzində şagirdlər daha çox hansı kitabları oxumağa üstünlük verməlidir?

Topxeber.az bildirir ki, mövzu ilə bağlı AzEDU.az-ın əməkdaşı ekspertlərə müraciət edib.

Ədəbi tənqidçi Əsəd Cahangir aşağıdakı vəsaitləri tövsiyə edib:

“6-cı sinifdən yuxarı, 5,6, hətta 4-cü siniflərə də “Robinzon Kruzo”, Mayn Ridin “Başsız atlı”, Conatan Sviftin “Qulliverin səyahəti” romanlarını oxumağı məsləhət bilirəm. Əgər Azərbaycan ədəbiyyatı nümunələrindən oxumaq istəyirlərsə, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, İsmayıl Şıxlının “Dəli Kür”, Mirzə İbrahimovun “Gələcək gün” romanları daha uyğun olar. 8, 9, 10-cu sinif şagirdlərinə isə Elçin Əfəndiyevin “Mahmud və Məryəm”, İsa Muğannanın “Saz" və "Tütək səsi” əsərlərini məsləhət görərdim. İbtidai sinif şagirdlərini Azərbaycan xalq nağıllarını oxumağa çağırıram. Bunlardan əlavə dünyanın klassik yazıçılarının əsərlərindən kiçik parçaları ayrıca kitab şəklində dərc edilir. Məsələn Viktor Hüqonun “Səfillər” romanından “Qavroş” və ya “Kozetta” kimi kiçik hissələr çap olunub. Bunları əldə edib, ayrıca kitab kimi oxuya bilərlər. Həmçinin,  “Heraklın 12 qəhrəmanlığı”nı, “Koroğlu” və “Dədə Qorqud” dastanlarının uşaqlar üçün sadələşdirilmiş versiyasını da oxuya bilərlər. Dünya ədəbiyyatından da dilimizə tərcümə olunmuş uşaq ədəbiyyatı nümunələri ilə tanış olmağı məsləhət görürəm. Ümumiyyətlə, uşaqların oxuduqları əsərlər həm yaş, həm də pedaqoji baxımdan onların təhsil səviyyələrinə uyğun gəlməli, eyni zamanda onların əxlaqi insani keyfiyyətlərinə tərbiyəsinə kömək etməlidir”.

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı isə məktəbliləri ciddi ədəbiyyatlar oxumağa çağırıb:

“Nəşriyyatlarımız məktəblilər üçün dünya və Azərbaycan ədəbiyyatına aid kifayət qədər kitablar dərc ediblər. Bu seçimi şagirdlər özləri etməlidirlər, amma ciddi ədəbiyyata üstünlük versələr, yaxşı olar. İndi internet saytlarında oxuculara xeyli ədəbiyyatlar təqdim olunur, nəşriyyatlar da çap etdikləri kitabların siyahılarını yayımlayırlar. Şagirdlər belə üsullardan istifadə edə bilərlər. Bu seçim orta məktəblərdə ədəbiyyat müəllimlərinin düzgün yol göstərmələrindən və şagirdin zövqündən asılıdır”.

Folklorşünas Ramazan Qafarlı isə ədəbiyyatların əlçatan olması üçün kifayət qədər şərait yaradıldığını vurğulayıb:

“Artıq yüz cildlik dünya ədəbiyyatı kitabxanası Azərbaycan dilində çap olunub, kitab mağazaları və kitabxanalara da göndərilib. Bundan əlavə vaxtilə tərcümə olunan dünya ədəbiyyatının ən yaxşı inciləri prezidentin göstərişindən sonra latın əlifbası ilə təkrar nəşr olunub. Klassik ədəbiyyatdan tutmuş müasir dünya ədəbiyyatına kimi bütün əsərlər kitabxanalarda var. “İliada" və  "Odisseya”, Dantenin “İlahi komediya”sı, Migel de Servantesin “ Don Kixot”, Daniel Defonun  “ Robinzon Kruzo”, C. Sviftin  “Qulliverin səyahətləri” və s. kitabları oxusalar, çox şey qazanmış olarlar. Folklorumuzu, nağıllarımızı da oxusunlar. Nağıllarımız beş cilddə nəşr olunub. İstərdim ki, əfsanə, rəvayət, eləcə də dastanlarımıza da biganə qalmasınlar. Bədii ədəbiyyatdan isə bizim klassiklərimiz, M.F.Axundov, C. Məmmədquluzadə, M.Cəlal, S.Vurğun, M. Müşfiq, R.Rza və digərlərini oxusunlar. Bunlar o qədər çoxdur ki, sadalamaq mümkün deyil və hər biri internetdə var. Milli kitabxananın saytında onların elektron variantı yerləşdirilib və oxucular üçün hər şərait yaradılıb”.