Logo

Sosial şəbəkələr vasitəsilə şəxsi məlumatlar oğurlanır - VİDEO


Hansısa informasiyanı yükləyən zaman ehtiyatlı olmaq lazımdır

Bu gün İnternetdə çoxlu sayda sosial şəbəkələr mövcuddur. Onlar çox populyardır və insanların həyatında vacib rol oynayır. Bunula bərabər sosial şəbəkələr informasiya təhlükəsizliyi sahəsində yeni risklərin yaranmasına gətirib çıxarır. Əslində sosial şəbəkələr daha çox kəşfiyyat orqanlarının tələsinə çevrilib. Hətta onların imkanları siyasi prosesləri belə tənzimləyir.

Amerikanın “The New York Times” və Britaniyanın “The Guardian” qəzetlərinin birgə araşdırması zamanı müəyyən edilib ki, “Cambridge Analytica” şirkəti “Facebook”un 50 milyona yaxın amerikalı istifadəçisinin fərdi məlumatlarını, onların icazəsi olmadan toplayıb analiz edib. Bu məlumatlardan prezident seçkilərində Donald Trampın xeyrinə istifadə edilib. Bu qalmaqal "Facebook” şirkətinin 60 milyard dollar itirməsinə səbəb olmaqla yanaşı, sosial şəbəkələrlə insanların şəxsi məlumatlarının yayılması, ələ keçirdiyini də bir daha sübut etmiş oldu.

Ekspertlər də düşünürlər ki, sosial şəbəkələr informasiya sızıntısı, informasiya təhlükəsizliyi baxımından zərərli məqamlar yaradır. Ekspert Səbuhi Abbasov Real TV-yə açıqlamasında bildirib ki, hansısa informasiyanı yükləyən zaman ehtiyatlı olmaq lazımdır.
Səbuhi Abbasovun fikrincə, sosial şəbəkələr şəxsi məlumatlarla yanaşı cəmiyyət üçün də təhlükəyə çevrilir. Bu xüsusilə “YouTube” video portalında baş verir. Bir şəxsin yaydığı videoçarx cəmiyyətdə mənfi fikir və ya ajiotaj yaradır. Bunun baş verməməsi üçün isə insanlar özləri diqqətli olmalıdır. Bu cür qalmaqal yaradan videolar şikayət olunmalıdır. Yəni “YouTube” video portalında həmin videonun aşağısındakı menyudan şikayət et bölümünü seçib, səbəbini göstərməklə onun bloklanmasına nail olmaq olar. 

Real TV