Logo

Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 3 mln. manat ayrılıb


Prezident İlham Əliyev Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Topxeber.az xəbər verir ki, sərəncamda deyilir:

“Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Bərdə rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Müalicə– Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, “ASAN xidmət” Mərkəzi, 2 Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası tikilib, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan Bərdə türbəsi və “Torpaqqala” tarixi abidəsi bərpa olunub, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir edilib, 20 ümumtəhsil müəssisəsi istifadəyə verilib, 49 min nəfər əhalinin yaşadığı 42 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 63 km olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, yeni istehsal və emal müəssisələri yaradılıb, 21 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Bərdə şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayrılsın.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.