Logo

​Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib - YENİLƏNİB 2


 Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Topxeber.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Mədəniyyət Mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.

Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söylədi:

- Biz bugünkü müşavirədə Azərbaycanda pambıqçılığın gələcək inkişafı ilə bağlı danışacağıq. Bildiyiniz kimi, 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik. 

2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilmişdir. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik. Bu gün isə pambıqçılığa dair üçüncü müşavirə Bərdə şəhərində keçirilir. Bərdənin pambıqçılıqda çox böyük ənənələri vardır. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirilmişdir. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdır.

Bərdə uğurla inkişaf edir. Mən Prezident kimi dəfələrlə Bərdə rayonunda olmuşam. Bu, mənim Prezident kimi Bərdəyə altıncı səfərimdir. Bütün səfərlərdə verilən tapşırıqlar və onların icrası nəticəsində biz Bərdə rayonunda çox ciddi sosial-iqtisadi inkişafa nail ola bilmişik. Rayon uğurla inkişaf edir, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bərdə şəhəri gözəlləşir. Kəndlərdə də infrastruktur, yol infrastrukturu yaradılır. Bir neçə yol layihəsi icra edilmişdir. Dünən biz bir kənd yolu layihəsinin açılışını qeyd etdik. Yeni yol layihəsinin icrası ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Digər infrastruktur layihələri uğurla icra edilir. Bərdədə qazlaşdırma 100 faizə yaxınlaşır və demək olar ki, kəndlərin hamısı artıq qaz şəbəkəsi ilə təmin edilibdir. Bir neçə kənd qalıb ki, oraya da qazın verilməsi nəticəsində Bərdədə vətəndaşlar təbii qazla 100 faiz təmin olunacaqlar.

Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Digər məsələlər öz həllini tapır, sosial infrastruktur yaradılır, bir çox məktəblər tikilmişdir. Qarabağ bölgəsində birinci “ASAN xidmət” mərkəzi də məhz Bərdədə yaradılmışdır. Digər sosialyönümlü layihələr icra edilmişdir, Olimpiya Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, uşaq xəstəxanası tikilmişdir. Yəni, bərdəlilər bütün bu işləri yaxşı bilirlər, bu işlərin fəal iştirakçılarıdırlar. Dövlət tərəfindən bundan sonra da Bərdə rayonunun inkişafına böyük diqqət göstəriləcək. O cümlədən Bərdədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var.

Qeyd etdiyim kimi, 1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan vermirdi ki, ölkəmiz inkişaf etsin. Yalnız 1993-cü ildən sonra - xalq Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlamış, islahatlar aparılmışdır. Hesab edirəm ki, o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı ən önəmli qərar kənd təsərrüfatında işləyənlərin vergilərdən azad edilməsi idi.