Logo

“Kurtlar vadisi”nin qaranlıq personajı “TATAROĞLU”nun SÜQUTU! - Türkiyənin ən güclü media patronunun imperiyası niyə çökdü?


Məşhur “Kurtlar Vadisi” serialındakı personajların böyük əksəriyyəti real həyatda mövcüd olan tanınmış şəxslərin prototipləridir. 

Topxeber.az Faktor.az-a istinadən bildirir ki, bu filmi çəkənlər sonradan “şitini çıxarsalar” da, ilk bölümlərdə yer alan obrazlar Türkiyənin siyasi həyatında və kriminal dairələrdə baş verənləri olduğu kimi əks etdirirdi, personajlar isə bu proseslərdə iştirak edən əsas şəxslərin adı dəyişdirilmiş kopyaları idilər. Doğrudur, bəzi obrazların real həyatdakı kimliklərilə bağlı fikir ayrılığı mövcuddur. Lakin bu serialda yer alan Davud Tataroğlunun Türkiyənin gəlmiş-keçmiş ən böyük media maqnatı Aydın Doğanın praobrazı olduğuna heç kim şübhə etmir. Filmdə Tataroğlu ABŞ-ın və ümumilikdə Qərbin Türkiyədəki bir nömrəli təmsilçisi, hökumətə və ictimai rəyə böyük təsir imkanlarına malik əsasən mənfi obraz kimi əks etdirilib. Filmdəki Tataroğlu sonda Qərbin dəstəyini və öz nüfuzunu tamamilə itirir. Aydın Doğan da elə bu günlərdə karyerasının və həyatının qürub çağını yaşamaqdadır. Və bunun ən əsas sübutu onun əlində qalmış son media orqanlarını – Hürriyet, Posta, Fanatik qəzetləri, Kanal D, CNN Türk, D-Smart telekanalları və Doğan Xəbər Agentliklərini Erdoğan Demirören adlı hökumətə yaxın digər media maqnatına devr etməsidir.

Hazırda bu alqı-satqının özü, onun baş vermə səbəbləri, detalları və qaranlıq məqamları Türkiyə mətbuatında və siyasi çevrələrdə Afrin əməliyyatından sonra ən çox müzakirə olunan mövzudur. Hətta Suriyada baş verənlərin kölgəsi olmasaydı, Aydın Doğanın çöküşünün Türkiyə tarixində nə qədər əhəmiyyətli və dərin izlər buraxan hadisə olduğunu daha aydın görmək olardı.

Türkmü, ermənimi, yəhudimi…

1936-cı ildə Türkiyənin şimal-şərqində yerləşən Gümüşhane bölgəsində anadan olan Aydın Doğanın milliyyəti və ailə mənsubiyyəti barədə çoxlu sayda qaranlıq və ziddiyyətli məlumatlar dərc olunub.

Onun erməni, yaxud yəhudi əsilli olması barədə fikirlərə daha çox rast gəlinsə də, rəsmi qeydlərdə bu barədə nəsə tapmaq mümkün deyil. Həmçinin, onun anasının milliyyəti ətrafında müxtəlif ziddiyyətli məlumatlar mövcuddur. Ən populyar versiya Aydın Doğanın türk ailəsi tərəfindən övladlığa götürülmüş erməni uşağı olmasıdır.

Bundan başqa, ən çox tirajlanan məlumatlardan biri, onu Türkiyənin ən böyük, varlı və nüfuzlu ailələrindən sayılan Koç ailəsinə mənsub olmasıdır.Bildirilir ki, guya Doğan, Koç ailəsinin bugünkü mövqeyinin təməlini qoyan Vehbi Koçun oğludur.Çünki rəsmi qeydlərdə göstərildiyi kimi, sadə və heç bir mirası olmayan ailədə doğulan A.Doğanın birdən-birə böyük biznes və media imkanlarına yiyələnməsi mümkünsüz idi. Mətbuatda və cəmiyyətdə dolaşan bəzi məlumatlara görə, Vehbi Koçun Anadoluda milliyəti mübahisəli olan qadından bir oğlu varmış, lakin bunu öz ailəsindən gizlədirmiş. Sonradan məsələnin üstü açılır və ailə bu faktı qəbul etməli olur. Aydına Koç soyadı verilməsə də, böyük güc və dəstək verilir.

Vehbi Koç

Vehbi Koç

Əlbəttə ki, bunların hamısı fantastik görünən və faktlarla təsdiqlənməyən məlumatlar olsa da, cəmiyyətdə kifayət qədər geniş yayılıb. Nəticədə əsasən inşaat maşın və avadanlıqlarının ticarətindən tutmuş nəqliyyat sektoruna qədər fərqli çalışmaları olan və çox da boy göstərməyən A.Doğan 1979-cu ildə birdən-birə Türkiyənin ən nüfuzlu dərgilərindən olan “Milliyyət” qəzetini satın alaraq, media sektoruna girir.O zaman qəzetin satılmasına qarşı çıxan Sahi Abdi İpekçi isə müəmmalı şəkildə həyatını itirir.