Logo

Yaz depressiyası bizdən uzaq dur! - Psixoloq və dietoloq TÖVSİYƏSİ


"Yaz olan kimi yuxu məni tutur", "heç işləməyə həvəsim yoxdur", "elə bil əl-ayağım işləmir" bahar fəsli gələr-gəlməz çoxumuzun etdiyi şikayətlər sırasındadır. Sən demə, sadaladığımız bu narazılıqlar "bahar sindromu"nun əlamətləri imiş. Ən təhlükəli vəziyyəti isə xroniki depressiyanın yaranmasına gətirib çıxarır. Özümüzü nə qədər toparlamağa çalışsaq da, şüuraltı qapanma öz "işini görür" . Bəs necə edək ki, yaz depressiyası "yaxamızdan yapışmasın"? Psixoloq Elnur Rüstəmov hesab edir ki, əsas xilas yolu zaman bölgüsünü düzgün aparmaqdır:

"Fəsillərin dəyişməsi ilə insanın psixologiyası arasında müəyyən qədər bağlılıq var. Bu da bütün insanlara yox, əsasən metohəssas olanlara aid edilir. Mütəxəssislər qeyd edirlər ki, həssas insanlara təsir göstərən fəsillər payız və yazdır. Yazda günəş işığının çox olması, günün uzanması insanı bir yerdə oturmağa imkan vermir. İstəyirsən ki, daha çox açıq havada olasan, dostlarla, ailənlə vaxt keçirəsən. Biz dinamik həyat yaşayırıq. Bunun da diqqətin cəmlənməsinə, insanın narahat olmasına təsiri qaçılmazdır. Problemi aradan qaldırmaq üçün ilk növbədə, planlaşma aparıb, zamanı düzgün bölmək lazımdır. Zaman düzgün bölünmədiyi təqdirdə, insanlarda psixoloji gərginlik artır, depressiya yaranır, ətrafla münasibət korlanır, aqressiya ortaya çıxır. Əgər fərd uzun müddət özünə qapanırsa və bu vəziyyətdən çıxa bilmirsə, mütləq psixoloqa müraciət etməlidir. Düzgün zaman bölgüsü xüsusən, çalışan insanlara aiddir. Tutaq ki, səhər 9-da iş başlayırsa, 9-un yarsında duran insan təbii ki, bütün günü əsəbi olacaq, çünki işə gecikəcək. Saat 6 ya 7- də oyanıbsa, işə tələsməyəcək, yeməyini rahat yeyəcək, vaxtında işinə gedəcək. Neqativ də ona pozitiv kimi görünəcək. İşləməyən insanın da qrafiki olmalıdır. O, bilməlidir ki, bu gün nələri edəcək. Belə olan halda insan özünü faydalı görür. İnsan özünü faydasız hesab edəndə artıq psixoloji problemlərin də sayı artır".

Dietoloq Leyla Zülfüqarlı Topxəbər.az-a açıqlamasında deyib ki, "bahar sindromu"na düçar olmamaq üçün yediyimiz qidalara xüsusi fikir verməliyik:

"Bu fəsildə ən çox tərəvəz yeyin. Kələm, kök, çuğundur, göyərti. Göyərti, balıq və süd məhsullarında xoşbəxtlik hormonu ifraz edən, yorğunluğu çıxardan maddələr var. İndiki mövsüm üçün dovğa çox keçərlidir. Südün tərkibindən vitamin "d" var, səhər və axşam süd içmək mütləqdir. Həftədə 3-4 dəfə balıq yeyin. Kofe və çay günün birinci yarsında içmək olar. Südlü kofeyə üstünlük verin. Energetik içkilərdən uzaq durun, çünki onlar yalançı enerji verir, əslində enerjini sovurur. Meyvələri üçüncü sıraya saxlayın, çünki qışdan qalan meyvələr köhnədir, yaz meyvələri də hələ çıxmayıb. Bu məsləhətlərə əməl etsəniz, əla əhval-ruhiyyəniz olacaq"

Nihadə Eyyubova