Logo

Səudiyyə vəliəhdi vəhhabiliyin yayılmasının səbəbini açıqladı


Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman, "Vaşinqton Post"a müsahibəsində "soyuq müharibə" dövründə ABŞ-ın tələbi ilə Sovet İttifaqına qarşı vəhhabiliyi yaymağa başladıqlarını deyib.

Topxeber.az "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman, "Vaşinqton Post"un (Washington Post) müəllifi Karen De Yanqa (Karen De Young) verdiyi müsahibədə "soyuq müharibə" dövründə ABŞ-ın tələbi ilə Sovet İttifaqına qarşı vəhhabiliyi yaymağa başladıqlarını deyib.

ABŞ-a iki həftəlik səfərə gedən Məhəmməd bin Salman (MbS), Amerika mediasına soyuq müharibə dövründə rəsmi Vaşinqtonun tələbi ilə kommunizmə qarşı vəhhabiliyi yaymağa necə başaladıqlarının təfərrüatlarını danışıb. 

Səudiyyə Ərəbistanın hakim ideologiyası olan və bəzi dairələr tərəfindən qlobal terrorizmin mənbəyi kimi göstərilən vəhhabiliyin Səudiyyənin maliyyəsi ilə yayıldığına dair suala cavabında MbS deyib ki, qlobal miqyasda məscid və mədrəsələrə sərmayə qoymalarının kökü gedib soyuq müharibə dövrünə çıxır.

Vəliəhd şahzadə Sovet İttifaqının müsəlman ölkələrlə əlaqələrini inkişaf etdirməsinin qarşısını almaq üçün müttəfiqlərin Səudiyyə Ərəbistanından öz mənbələrini səfərbər etməsini istədiklərini açıqlayıb.

MbS Səudiyyə hökumətlərinin bu siyasəti həyata keçirərkən kələfin ucunu itirdiklərini qeyd edib. "İndi hər şeyi geri qaytarmalıyıq'' deyən vəliəhd artıq vəhhabiliyin yayılmasının Səudiyyə hökuməti tərəfindən deyil, ona tabe olan vəqflər tərəfindən maliyyələşdirildiyini bildirib. 

Vəhhabilərə qarşı əməliyyat: məşhur ticarət mərkəzinin sahibi həbs olundu
Ötən gün BMT-nin Nyu Yorkdakı (New York) qərargahında qurumun baş katibi Antonio Quterreslə (Antonio Guterres) görüşən Məhəmməd bin Salman BMT-yə maliyyə yardımı qəbzi təqdim edib. O, bu gün ABŞ-dakı yəhudi lobbilərinin liderləri ilə görüşəcək.

O, martın 20-də ABŞ prezidenti Donald Trampla da görüşüb və onlar pul haqqında söhbət ediblər. Daha sonra Ağ Evdə prezidentin kürəkəni Cared Kuşnerlə (Jared Kushner) görüşən bin Salman onu "əsl insan" adlandırıb.