Logo

Əli Həsənov: "Hədəfdə təkcə prezidentlə mən deyiləm"


Bakıda “İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi” mövzusunda keçirilən “dəyirmi masa” keçirilir.

Topxeber.az Trend-ə istinadən məlumat verir ki, əvvəlcə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açıb.

Sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov çıxış edərək bildirib ki, Azərbaycan heç bir dönəmdə, ən azından Ümummilli Lider Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə KİV üzərindən bütün senzura və qadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoymayıb, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçməyib, nə də ki, ölkəmizdə milli şəbəkələrin qurulmasına ciddi təşəbbüs göstərməyib:

“Qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş bizim ölkədə sərbəstdir və bəzi milli dönüklərin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq sərbəst də saxlanılacaqdır. Azərbaycan hakimiyyəti bəhs etdiyim dövrdə sosial şəbəkələrə cəmiyyətlə və dünya ilə asan təmas imkanlarından biri kimi yanaşıb və yanaşmaqda da davam edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin özünün, müxtəlif dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Cənab Prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib. Təsadüfi deyil ki, bu gün Azərbaycanda “Facebook”, “Twitter”, “Youtube”, “Instaqram” və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşıb. Cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, tariflərin region ölkələrindəki qiymətlərlə uyğunlaşdırılması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına müsbət təsir göstərən əsas amillərdir”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə də bilməz: “Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə “tarixi səhv” nəticəsində yarandığı barədə uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük qazancımız və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar. Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır. Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir”.