Logo

İtaliyalı iş adamı "Səni axtarıram"da atasını axtarır — VİDEO


Azərbaycan əsilli italiyalı iş adamı Aqustin Mirzəyev "Xəzər" televiziyasında Xoşqədəm hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib.

TopXəbər.az Ölkə.Az-a istinadən məlumat verir ki, iş adamı atası Mirzə Mirzəyevin Azərbaycandakı qohumlarını axtarır. 

A.Mirzəyevin dediyinə görə, atası Mirzə Mirzəyev 1922-ci ildə Azərbaycanda anadan olub. İkinci Dünya Müharibəsində iştirak edib, əsir düşüb. Müharibə başa çatdıqdan sonra onu zorla SSRi-yə köçürmək istəsələr də, qaçmağa nail olub. İtaliyada məskunlaşan M.Mirzəyev burada ailə qurub, bir oğlu, bir qızı dünyaya gəlib. A.Mirzəyev bildirib ki, atası onlara Azərbaycandakı ailəsi barədə maraqlanmağa icazə verməyib:

"Atam deyirdi ki, ailəmlə maraqlansam, sağ olduğumu bilib, qardaş bacıma problem yaradarlar.Atam 1996-cı ildə atam vəfat etdi. Bir müddət öncə əslən rus olan tarixçi Mixail Tatalilinin azərbaycanlı partizan Mehdi Hüseynzadə haqqında kitabını oxudum. Sonra Tatalini tapdım və onun vasitəsiylə "Səni axtarıram" verilişinə müraciət etdim".

Aqustin Mirzəyevin dediyinə görə, atasının Azərbaycandakı nikahından Qafar adlı oğlu olub:"Bu məlumatın nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki atam Azərbaycandakı ailəsi haqda bizə heç nə danışmırdı".

Qeyd edək ki, A.Mirzəyev İtaliyanın tanınmış iş adamlarından hesab edilir. O, bu ölkənin ən iri mətbəx mebeli istehsal edən şirkətlərindən birinin rəhbəridir.