Logo

Elmira Şabanova: “İndi nə kino var, nə də rejissor”- MÜSAHİBƏ


Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova əvvəlcə müsahibə vermək istəmədiyini bildirsə də, sonradan çətinliklə olsa razılığa gəlir. 

Topxəbər.az saytı müsahibəni oxucularına təqdim edir:

-Elmira xanım, niyə efirdən, mətbuatdan yan keçirsiniz?

- O vaxtkı aktyorlar sırasında qalmaq istəyirəm. İndikiləri qəbul eləmirəm.

- Amma biz də sizin gözəl simanız, məlahətli səsiniz üçün darıxırıq.

-Bilirəm ki, xalq məni unutmur. Həm də niyə unudulmalıyam? İndi 77 yaşım var. Məncə, bu həyatda çox qaldım. Bu yaşa da gərək çatasan. Sənətim üçün çox darıxıram. Axırıncı işim “İçərişəhər” filmi oldu. Xalqa , balalarıma, nəvələrimə xidmət elədim. İndi əbədi dincəlmək lazımdır.

-Kinoya, seriala çəkilmək təklifləri gəlir?

-Tez-tez təklif edirlər, amma özüm getmirəm. Eyni həmin rollar. Amma yaşıma uyğun yaxşı rol olsa, çəkilərəm. Çox böyük arzum idi “Banin” obrazına çəkilmək. Oğlum Bakıda “Banin”in qocalığını çəkmək istəyirdi və mən oynayacaqdım. Amma dedilər, pulumuz yoxdur. Baninin həyat tərzi mənim həyatıma oxşayır.

-Çəkilən seriallar, kinolar xoşunuza gəlir?

-Kino var ki? Rejissor yoxdur. Mən kinonu çox sevirəm. 30 -a yaxın filmdə çəkilmişəm. İndi kino yoxdur, kino batıb. “Bozbaş Pictures” var. Seriallarımızda ssenari türk seriallarından oğurlanır.

-Bəs, gənclərin aktyorluq bacarığı sizi qane dir?

- Oğlanları deməzdim, çox qəşəng qızlar var. Qızların rol oynamaqları xoşuma gəlir. Bir də mövzu çoxdur, amma ssenari yazan yoxdur. Mənsə zəif əsərdə çıxmaq istəmirəm.

- Kino adamı üçün evdə oturmaq çətindir. Gününüz necə keçir?

-Ev işləri olur, siyasətlə maraqlanıram, internetdə olan yazıları oxuyuram, yazı-pozu edirəm, kitab oxuyuram. Əsas da ki, 3 nəticəm var, onları çox sevirəm, onlara vaxt ayırıram.

-Həmkarlarla, dostlarla zəngləşib,görüşürsünüz?

-Yox, qızım. İndi yoldaşlıq, dostluq yoxdur. Çox istədiyim adamlar var, amma az. Zəngləri də arada qəbul edirəm. Telefonla çox danışmaqla aram yoxdur.

Nihadə Eyyubova