Logo

Gəncə Beynəlxalq Hava Limanının kodu dəyişdirilir


Azərbaycan Gəncə Beynəlxalq Hava Limanının üç hərfli kodunun dəyişdirilməsi üçün müvafiq beynəlxalq təşkilatlara müraciət edib.

Topxeber.az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC Gəncənin köhnə adı ilə bağlı olan "KVD" kodunun"GNJ" ilə əvəz olunması istiqamətində iş aparır.

Göstərilən kodun dəyişdirilməsi beynəlxalq konvensiyalarla tənzimlənir və yalnız IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) tərəfindən zəruri sayıldıqda həyata keçirilir.

IATA və digər aviasiya təşkilatları tərəfindən indiyədək dərc olunmuş elektron sistem və digər köməkçi materaillarda Gəncə Beynəlxalq Hava Limanının kodu "KVD" kimi dərc olunduğundan bu kodun dəyişdirilməsi üçün dünya üzrə bütün belə materiallar ləğv edilməli və ya istifadədən çıxarılmalıdır. Buna görə də beynəlxalq təcrübədə hava limanının kodunun dəyişdirilməsi çox çətin bir proses sayılır.

Qeyd edək ki, Gəncə Hava Limanı beynəlxalq statusludur. Xaricdən Azərbaycana gələn qonaqlar hava limanlarındakı lövhələrdə Gəncə Hava Limanının adının qarşısında "KVD" sözlərini oxuyurlar. Bu isə Gəncənin köhnə adı ilə bağlıdır.