Logo

Millət vəkili aprel döyüşlərinin 4 siyasi nəticəsindən danışdı


2016-cı ilin aprel döyüşləri Azərbaycan dövlətçiliyinin Ermənistan dövlətçiliyindən daha güclü olduğunu ortaya qoya bildi.

BunuTopxeber.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə iki il əvvəl baş tutmuş aprel döyüşlərinin siyasi nəticələri və önəmi barədə danışarkən deyib.

Onun sözlərinə görə, istənilən hərbi qüdrət, ilk növbədə düzgün qurulan dövlət, güclü iqtisadiyyat və cəmiyyətdəki birliyin nəticəsində mümkün olur.

Millət vəkili aprel döyüşlərinin daha biri siyasi nəticəsinin Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətini  Ermənistanın işğal faktoruna və həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinə bir daha yönəldə bilməsindən ibarət olduğunu bildirib.

Üçünüsü siyasi nəticəyə gəlincə, A. Mirzazadə əlavə edib ki, aprel döyüşləri bu problemin dondurulmuş vəziyyətdə uzun müddət saxlanılmasının heç bir perspektivinin olmadığını və bunun müəyyən dövrdə qızğın döyüşlərə keçə biləcəyini göstərdi.

Deputat  diqqətə çatdırıb ki, həmin döyüşlərin ən əsas siyasi nəticəsi Ermənistanda çox ciddi siyasi, mənəvi böhranın başlaması oldu: “Ermənistan artıq iki ildir ki, həmin döyüşlərin təsirindən çıxa bilmir. Azərbaycan tərəfindən atılan müvafiq addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan başqa çıxış yolunun olmadığını göstərdi”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün keçirilən danışıqlara gəlincə, A. Mirzəzadə vurğulayıb ki, danışıqlarda Azərbaycanın mövqeyi möhkəmdir: “Ancaq Serj Sarkisyan komandası bu gün Ermənistanın və erməni xalqının taleyini deyil, ancaq öz şəxsi taleyini fikirləşir. Hakimiyyətdə daha çox qalmağı, korrupsiya ilə sərvətini artırmağı düşünür. Bu baxımdan danışıqlarda təəssüf ki, nəticələr yoxdur. Ancaq bu onu göstərir ki, Ermənistan Azərbaycana artıq digər yollarla problemin həllini axtarmağa məcbur edir”.

Məftun Salmanov