Logo

Tramp Makronu “əlini cibinə salmağa” məcbur etdi


ABŞ Prezidenti Donald Tramp müttəfiqləri olan başqa ölkələri beynəlxalq təhlükəsizliyin təmin edilməsində, münaqişələrin həllində, habelə beynəlxalq qurumların maliyyələşdirilməsində “əllərini ciblərinə salmağa” vadar etmək siyasətini davam etdirir. Bu dəfə Vaşinqton Fransanı “haqq” ödəməyə məcbur edib.

Məsələ burasındadır ki, Fransa Prezidenti martın 29-da Yelisey Sarayında Suriya Demokratik Qüvvələrinin (SDQ) 7 üzvündən ibarət nümayəndə heyətini qəbul edib. Qeyd edək ki, PKK terror təşkilatının Suriya qanadı PYD-nin silahlı qolu olan YPG SDQ-nin əsasını təşkil edir.

Türkiyə PKK-nın əslində YPG, PYD və SDQ adı altında fəaliyyət göstərdiyini əsas gətirərək onları da terror təşkilatı hesab edir. Avropa İttifaqı və ABŞ PKK-nı terror təşkilatı kimi tanısa da, YPG, PYD və SDQ barədə eyni fikirdə deyil və onları PKK-dan ayrı tutur.

Makron SDQ üzvləri ilə görüşdə onlara dəstək veriləcəyinə əmin edib. O, həmçinin Türkiyə və SDQ arasında dialoqin qurulmasında Parisin vasitəçi olmaq təklifini irəli sürüb. Digər tərəfdən Fransanın “Le Parisien” qəzeti kürd nümayəndəyə istinadən Makronun SDQ nümayəndə heyətilə görüşdə Suriyanın Mənbic bölgəsində xüsusi qüvvələr göndərməyi vəd etdiyini yazıb. Lakin sonradan Yelisey sarayı bu məlumatı təkzib edərək Fransa rəhbərliyinin Suriyanın şimalında hansısa hərbi əməliyat planlaşdırmadığını bəyan edib.

Fransa dövlət başçısının vasitəçi olmaq təklifi gözlənildiyi kimi Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılınıb. Rəsmi Ankara adəti üzrə “razborkadaymış” kimi cavab verib. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Sən kimsən? Bizimlə terrorçular arasında vasitəçilik etmək təklifi qəbuledilməzir” deyərək Yelisey sarayının sahibinin təklifini qeyri-ciddi adlandırıb. Təbii ki, ən sərt cavab Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Türkiyənin lideri Makronun sözləri ilə həddini aşdığını qeyd edərək onunla bu yaxınlarda baş tutmuş telefon söhbətini xatırlayıb: “Gördüm qəribə-qəribə şeylər danışır, məcbur oldum bir az ona səs tonumu qaldırım”.

Makronun SDQ-nin yuxularında belə görmədikləri Yelisey sarayına gəlmiş üzvləri ilə görüşündən və Türkiyənin Parisə sərt cavab verməsindən ağla gələn ilk fikir Fransanın Türkiyəyə qarşı Suriyada açıq qarşıdurmaya girməsidir. Düzdür bu fikirdə də müəyyən həqiqət payı var. Lakin məsələnin kökündə bu dayanmır. Fransa Türkiyənin qarşısına çıxsa da, bu, ABŞ-ın icazəsi və təhriki ilə gerçəkləşir.

Əsl səbəbin nədən ibarət olduğunu anlamaq üçün bir az geriyə gedək. Yelisey sarayında baş tutmuş məlum görüşdən əvvəl, martın 27-də Tramp və Makron arasında telefon söhbəti olur. Söhbət əsnasında tərəflər Suriyada vəziyyətin həll edilməsi üçün Türkiyə ilə əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini müzakirə ediblər. Martın 30-da isə Tramp Oqayo ştatında çıxış edərkən ABŞ-ın Suriyadan çox tezliklə çıxacağını bəyan edib. Ağ ev sahibinin qərarı hamı üçün, elə Dövlət Departamenti üçün də gözlənilməz olub. Məhz bundan sonra Makron Ərdoğanı əsəbləşdirib.

Bütün bu həngamənin “niyəsini” Trampın Oqayodakı çıxışında sərf etdiyi bu sözlərdə axtarmaq lazımdır: “Biz İŞİD-in ruhunu vurub çıxardırıq, Suriyadan çox tezliklə gedəcəyik. Qoy, indi başqaları bu barədə məşğul olsunlar. ABŞ Yaxın Şərqdə 7 trilyon dollar xərcləyib”.

Hər şey həmişəki kimi yenə də pulun başında dönür. Tramp hələ prezident seçkiqabağ kampaniyası zamanı ABŞ-ın xarici ölkələrə, beynəlxalq qurumlara, o cümlədən NATO-ya çəkdiyi xərcləri azaldacağını və ya başqa ölkələri “əllərini ciblərini saldıracağına” məcbur edəcəyini bəyan etmişdi və bu siyasətini Prezident olduqdan sonra ardıcıl şəkildə həyata keçirməyə başlayıb.

Xatırladaq ki, ötən il Tramp NATO ölkələrinin liderlərinə bəyan etmişdi ki, onlar müdafiə xərclərini ÜDM-in minimum 2 faizinədək artırmalıdırlar, hərçənd alyansın 28 üzvündən 5-i, ABŞ, Yunanıstan, Polşa, Estoniya və Böyük Britaniya bu öhdəliyi yerinə yetirir. Göründüyü kimi beşlikdə iqtisadi cəhətdən güclü Almaniya və Fransa kimi dövlətlərin adı yoxdur. Bu açıqlamadan sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, 2024-cü ilədək NATO-nun 15 ölkəsi müdafiəyə ÜDM-in azı 2 faizini xərcləyəcəklər. Bəli, Tramp dedi, Tramp elədi.

ABŞ ötən ilin dekabrında 2018-2019-cu illər üçün BMT-nin büdcəsinin 285 dollar azaldılmasına nail olub. Təşkilatın büdcəsi 5,39 milyard dollar həcmində təsdiq edilib. Qeyd edək ki, ABŞ-ın BMT-nin büdcəsində payı 22 faiz təşkil edir. Sonrakı yeri 9,68 faizlə Yaponiya tutur. Bundan başqa, cari ilin əvvəlində ABŞ administrasiyası BMT-nin Fələstin qaçqınlarına yardım və işlərin təşkili üçün Yaxın Şərq agentliyinə ödənişləri 125 milyondan 60 milyon dollaradək azaldıb. Dövlət Departamenti qərarını belə izah etmişdi: “Aralarında daha varlı olan digər ölkələrin regional sabitlik və təhlükəsizliyə görə məsuliyyəti öz üzərlərinə götürməsinin vaxtı çatıb”.  Yenə Tramp dedi, Tramp elədi.

Həmçinin, Tramp martın 8-də ABŞ-a polad və alüminiumun idxalına rüsumlar tətbiq edib. Martın 22-də isə Çinin haqsız ticarət praktikasına qarşı kompleks tədbirlərin tətbiqini nəzərdə tutan memorandum imzalayıb. Bu qəbildən başqa misallar da gətirmək olar.  Tramp yenə də dediyini elədi.

ABŞ-ın bütün bu qərarlarında “digər ölkələr də pul xərcləsin” ifadəsi və öz iqtisadiyyatını qorumaq təşəbbüsü aydın seçilir. Tramp siyasətçi deyil, biznesmen kimi ABŞ-i idarə edir və pulların ölkədən getməsinə deyil, ölkəyə daxil olmasına çalışır.  Və son olaraq Tramp Suriyada SDQ-nin nəzarətində olan bölgənin yenidən inşası üçün daha əvvəl nəzərdə tutulan 200 milyon dollar həcmində yardımı dayandırıb.

 Fransanın Suriya məsələsində aktivləşməsinə də məhz bu rakursdan baxmaq lazımdır. Fransa ABŞ-ın icazəsi və məcburiyyəti ilə Suriyanın şimalında fəallaşacaq. Makronun Avropada  lider olmaq istəyi də Vaşinqtonun bu planını tamamlayır. O, köhnə qitədə Almaniyanın hegemonluğundan çıxmaq üçün səylər göstərir və Suriya özünü göstərmək baxımından əla fürsət ola bilər. Nəzərə alaq ki, Putin və Ərdoğan Suriyada keçirdikləri uğurlu hərbi əməliyyatlarla daxildə əlavə “bonuslar” qazanıb. Fransa regiona, o cümlədən Suriyaya yaxşı bələddir. Belə ki, Suriya 1920-1946-cı illərdə Fransanın mandatı altında olub. Üstəlik Fransanın SDQ-nin, yəni YPG/PKK-nın nəzarət etdiyi 5 məntəqədə hərbi ünsürləri var və xüsusi təyinatlıları əməliyyatlarda iştirak edirlər. Təbii ki, SDQ-nin “ipi” Vaşinqtonun əlində olacaq, ancaq ona dəstəyi, yəni maddi və texniki yardımı Fransa üzərinə götürəcək. Necə deyərlər əl-əli yuyar, əl də üzü!

Məftun Salmanov