Logo

İsa Muğanna öldü? Hə, nə olsun?


Bir sutka yazdıq, vəssalam. Doğrudan, kimi itirdiyimizin fərqində deyilikmi? Ağırdı, olduqca ağırdı. 

Mətbuat və sosial şəbəkələrdə İsa Hüseynovun ölümü ancaq həmkarım Firuz Abdullanın bu statusu ilə qaldı: " Səhər-səhər acı xəbər: Ədəbiyyatımızın "İdeal"ı "Əbədiyyət"ə qovuşub, telli "Saz"ı sınıb. "Məhşər"də görüşmək ümidi ilə..."

Bəli, onun "Məşhər"indən doymayıb, "İdealı"ı ilə iki dəfə tanış olmuşam. İsa Muğannanı mən bu yay "İdeal"ı ikinci dəfə oxuyanda tanıdım. Bu dünyanın adamı deyildi o. Səmimi deyəcəyəm, sağlığında ona ən yaxşı qiyməti Mirşahin vermişdi. Bu havalı, göylərlə əlləşən yazıçını "Milli Metr" də yerə endirən Mirşahin onun həyatını, baxışlarını millimetrlərlə bizlərə çatdırmışdı. Amma təəssüf ki, bizə çatmadı İsa Muğannanın böyüklüyü. 

Bilirəm, bəlkə də çoxu məni başımdan böyük danışmaqda ittiham edəcək. Edin, vecimə deyil. Onsuz da bizim cəmiyyətdə özün üçün yaşamaq olmur. Amma O, bəlkə də özü üçün, öz idealı üçün yaşayan tək-tük adamlardan biri idi. İsa Muğannanın nuru mətbuatımıza hətta bir aydır baş-beynimizi aparan "nurçular" məsələsi qədər yayılmadı. 

Bu siyasətdir, deyib keçək. Alim Qasımovun seksə etirazına etiraz edənləri görəndə bir şeyi anladım. Alim sabah ölsə, uzağı 3 gün gündəmdə olacaq. Bir məsələni də deyim. Bir çox valideynlərin tərbiyəmizi pozur deyə qulaq asmağa qoymadıqları Hüseyn Dəryanın ölümü belə İsa Hüseynovdan maraqlı oldu. Onun sağ ikən reanimasiyada şəklini mən çəkmişdim. Bir saata 3000-dən çox adam baxmışdı. Amma mən bu gün İsa Hüseynovun dəfnindən foto tapa bilmədim, hələ fotosessiya demirəm.

Cənablar, milli mentalitet, adət-ənənə yengə, nə bilim bakirəlik, 18+ xəbərlər bizi hara aparır. Bu gün bəyənmədiyimiz dəyərlər var. Sabah isə bəyənməməyə dəyər tapmayacağıq...

Amil Hacıyev

03.04.2014