Logo

Şamaxıda topaq sürüşməsi aktivləşdi... 7 ailə evini tərk etdi


Şamaxıda yenidən aktivləşən torpaq sürüşməsi evlərin qəzalı vəziyyətə düşməsinə səbəb olub.

Topxeber.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, torpaq sürüşməsi əsasən Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb. Son vaxtlar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi geniş ərazini əhatə edib, nəticədə evlərdə iri çatlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hazırda davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir. Uzunluğu 150 metr, eni 100 metr olan  torpaq kütləsi bir gün ərzində 80 santimetr axın edərək evlərə yaxınlaşıb. Torpaq kütləsi məhəllədaxili yolların bağlanmasına, çardaq və hasarların uçmasına səbəb olub.

Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxaraq ərazidə gölməçələr əmələ gəlib. Sürüşmə ərazisindən keçən su borusu da qırılaraq torpaq kütləsinin altında qalıb.

Sürüşmə qısa vaxtda tikililəri də əhatə edib. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib. İki ailəyə məxsus yaşayış evi qəzalı vəziyyətə düşüb.

Sürüşmə ərazisində 15 fərdi yaşayış evi yerləşir. Artıq 7 ailənin üzvləri qəzalı vəziyyətə düşən evini tərk etmək məcburiyyətində qalaraq başa yerlərə köçüb. Hazırda 8 ailə torpaq uçqununun baş verdiyi təhlükəli ərazidə yaşayır.