Logo

Polis “YouTube”-un ofisində atəş açan qadının motivlərini açıqlayıb


“YouTube”un mənzil-qərargahında atəş açan qadın şirkətin apardığı siyasətdən narazı olub.

Topxeber.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu San-Bruno şəhərinin polis rəisi Ed Barberini bildirib.

“Hazırkı mərhələdə istintaq hesab edir ki, cinayəti törətməkdə şübhəli bilinən qadın “YouTube”-un siyasətindən və hərəkətlərindən narazı olub. İnsidentin motivləri məhz bu olub”.

Ötən gün San-Bruno şəhərində, “YouTube” şirkətinin mənzil-qərargahında silahlı insident baş verib. Bir müddət sonra atəşi açan 39 yaşlı  Nasim Ağdam ölü tapılıb. Onun intihar etdiyi ehtimal olunur. Hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.