Logo

Politoloq: Putin və Ərdoğan Suriya məsələsinin həllindən sonra Qarabağa keçə bilərlər


Rusiya və Türkiyə tarixlərində heç vaxt olmadığı qədər bir-biri ilə yaxınlaşıblar.

Bunu Topxeber.Az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimi Putinin Ankaraya səfəri çərçivəsində Rusiya-Türkiyə münasibətlərinin indiki vəziyyətini və bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə mümkün təsirlərini şərh edərkən deyib.

E. Şahinoğlu ikitərəfli münasibətlərin bu səviyyəyə çatmasında R. T. Ərdoğan və V. Putinin xüsusi rolunu qeyd edib: “Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putin demək olar eyni vaxtda, 2000-ci illərin əvvəlində hakimiyyətə gəlib. Həmin vaxtdan iki lider arasında çox sıx əlaqələr quruldu, əməkdaşlıq başladı, iki ölkə arasında ticarət mübadiləsi artdı”

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyyarənin Rusiyanın bombardmançı təyyarəsini vurması hadisəsindən sonra ikitərəfli münasibətlərin bir il müddətinə dondurulduğunu, gərginləşdiyini xatırladan siyasi ekspert qeyd edib ki, R. T.  Ərdoğan bu gərginliyin Türkiyəyə heç nə yaxşı vəd etmədiyini anladı:  “Ən azından Suriyada  ilk növbədə YPG/PKK terrorçularının zərərsizləşdirilməsi məsələsində Rusiya mane ola bilərdi. Ancaq Rusiya ilə barışıq əldə olundu və Moskva ilə münasibətlər yenidən normallaşdı”.

Onun sözlərinə görə, hazırda Rusiya və Türkiyə arasında ikitərəfli əlaqələr pik nöqtəsinə çatıb. Politoloq V. Putinin Ankaraya səfəri zamanı əldə olunan razılaşmaların bu fikri təsdiq etdiyini deyib: “Səfər çərçivəsində 20 milyard dollarlıq “Akkuyu” atom elektrik stansiyasının təməli qoyuldu, Rusiya Türkiyəyə satacağı S-400 zenit-raket komplekslərini daha tez müddətə çatdıracaq, bununla yanaşı tərəflər arasında ticarət əməkdaşlığı artır. Putinin də qeyd etdiyi kimi Türkiyəyə gələn rusiyalı turistlərin sayı 5 milyondur və gələcəkdə bu rəqəm 6-10 milyona çatdırıla bilər. Və turist sayının artması Türkiyə üçün çox vacibdir”.

Müsbət faktorlarla yanaşı, E. Şahinoğlu tərəflər arasında bir-iki məsələnin hələ də həllini gözlədiyini diqqətə çatdırıb: “Bunlardan biri məlum təyyarə olayından sonra Rusiyaya gedənTürkiyə vətəndaşlarına vizanın verilməsinin dayandırılmasıdır. Bu məsələ açıq olaraq qaldı. Üstəlik Putin mətbuat konfransında PYD/YPG-ni terror təşkilatı adlandırmadı. O dedi ki, kürdlər də Suryanın siyasi quruluşunda rol oynamalıdırlar. Amma buna baxmayaraq, bu, Türkiyəni çox da narahat etməməlidir, əsas odur ki, Rusiya Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlara ABŞ-dan fərqli olaraq mane olmur. Rusiya PYD/YPG-ni terror təşkilatı kimi tanımasa da, ABŞ kimi onlara dəstək vermir. Moskva bu məsələdə məsafə saxlayır.  Bunun özü də böyük nəticədir”.

YPG/PYD faktorunun ikitərəfli əlaqələrin inkişafına mane olmayacağını düşünən siyasi ekspert əlavə edib ki, təyyarə olayı çox geridə qalıb və Türkiyə ilə Rusiya tarixlərində olmadığı qədər bir-birilərinə yaxınlaşıblar.

Rusiya və Türkiyənin bu qədər yaxınlaşmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanlarına gəlincə, həmsöhbətim bu məsələdə çox da nikbin deyil. Onun sözlərinə görə, Rusiya və Türkiyənin yaxınlaşması hələ ki Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etmir: “Çünki Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir, Ərdoğan onunla son görüşlərin birində Qarabağ problemini gündəmə gətirsə də Putin maraq göstərmədi. Bunu Ərdoğan da vurğuladı. Ancaq düşünürəm ki, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana zərər vermir və gələcəkdə bu yaxınlaşma güclənərsə, Suriya məsələsinin nizamlanmasından sonra Cənubi Qafqazda sabitliyin yaranması, Qarabağ münaqişəsinin həlli məsələləri bu iki ölkə tərəfindən müzakirə edilə bilər”.

Məftun Salmanov