Logo

Azərbaycan Suriyaya investisiya yatırmalıdırmı? - EKSPERT RƏYİ


 “Azərbaycanın Suriya iqtisadiyyatına investisiyalar qoymaq imkanı var. Lakin düşünürəm ki, indiki məqamda  Suriya Azərbaycanın investisiya yatırması baxımından cəlbedici ölkə deyil”.

Bunu Topxeber.Az-a iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanın Suriyaya investisiya yatırmaq imkanlarını və bunun reallaşdırılmasının mümkünlüyünü şərh edərkən deyib.

V. Bayramov Suriyanın investisiyalar qoyuluşu baxımdan cəlbedici ölkə olmamasını onunla izah edib ki, bu ölkədə gedən proseslərin və münaqişənin nə vaxt başa çatacağını proqnozlaşdırmaq çox çətindir: “Faktiki olaraq münaqişə davam edir və münaqişə davam etdiyinə görə investisiyaların taleyi və mülkiyyət hüquqları ilə bağlı problemlər qalmaqdadır. Konkret olaraq mülkiyyət hüquqlarının qorunması ilə bağlı çətinliklər var. İnşaat sektoruna  qoyulacaq investisiyaların gəlirli olacağı güman edilir, çünki inşaat işlərinin qurulmasına və genişləndirilməsinə ehtiyac olacaq. Amma bu da yenə risklidir”.

Onun sözlərinə görə, Suriya yaxın illər üçün, 2020-ci illərədək investisiyaların ölkəyə yönəldilməsi aspektindən riskli ölkə hesab edilir: “Hətta Türkiyənin Suriyada nəzarət etdiyi ərazilərdə belə, istənilən vaxt status-kvonun dəyişdirilməsi riski var”.

İqtisadçı-ekspert güman etmir ki, Azərbaycan sərmayələrinin Suriyaya cəlb edilməsinə ehtiyac var: “İndiki məqamda Suriyada mövcud risklər aradan qaldırmayanadək Azərbaycan investisiyalarının bu ölkəyə yönəldilməsi arzu edilən deyil”.

Həmsöhbətim əlavə edib ki, gələcəkdə Suriyada münaqişə aradan qaldırılarsa, stabillik yaranarsa, Azərbaycan ölkənin inşaat, xidmət, turizm və əlbəttə ki, enerji sektoruna investisiya yönəldə bilər: “Azərbaycan enerji sektorunda ənənəvi üstünlüyə malikdir. İndiki məqamda daha məqsədəuyğun ixrac imkanlarıdır.  Azərbaycan hazırda Suriya bazarına bir sıra məhsulların, o cümlədən qida məhsullarını çıxarmaq imkanına malikdir”.

Xatırladaq ki, ötən gün Ankarada Türkiyə, Rusiya və İran prezidentlərininin iştirakı ilə Suriya üzrə  keçirilən üçtərəfli sammitdə ölkə liderləri dünya dövlətlərini Suriyanın yenidən qurulması üçün investisiyalar yatırmağa çağırmışdı.

Məftun Salmanov