Logo

Ərdoğanın lirə İMTAHANI: Azərbaycanlı iqtisadçılar türk lirəsinin ucuzlaşmasında siyasi iz axtarır


"Türk lirəsinin ABŞ dollarına və avroya qarşı məzənnəsinin yenidən ucuzlaşmasında  iqtisadi amillərə nisbətən siyasi amillərin təsiri daha çoxdur."

Bunu Topxber.Az-a iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

Qeyd edək ki, bu gün 1 dollar 4,0436 lirə səviyyəsinə yüksələrək bütün dövrlərin rekordunu müəyyənləşdirib. 1 avro isə 4,9636 lirə həddinə çatıb.

Ə. Həsənov məsələnin siyasi aspektini önə çəkərək bildirib ki, hazırda Türkiyə Qərbin, xüsusilə də ABŞ-ın diktəsi altında hərəkət etməkdən imtina edib: “Türkiyə Cümhuriyyəti Atatürk tərəfindən qurulandan bəri əslində həmişə Qərbin diktəsi altında olub. Lakin Rəcəb Tayyib Ərdoğanın 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə həqiqətən də Osmanlı dövründə olduğu kimi pis-yaxşı müstəqil siyasət yeritməyə başlayıb. Bu da bəzi qüvvələrin xoşuna gəlmir”.

İqtisadi təsirlərə gəlincə iqtisadçı-ekspert qeyd edib ki, dünyanın maliyyə sistemi çox sıx bağlıdır və əsasən də Qərb tərəfindən idarə olunur: “Bunlar da əlbəttə ki, Türkiyədə lirənin məzənnəsinə ciddi təsir göstərirlər. Bu o demək deyil ki, lirənin məzənnəsinə təsir göstərən daxili iqtisadi amillər yoxdur. Sadəcə obyektliv iqtisadi amillər yoxdur. Türkiyə iqtisadiyyatı Azərbaycan kimi bir xammaldan asılı deyil. Biz neftdən asılıyıq, onun qiyməti düşəndə də manat ucuzlaşdı. Amma Türkiyə belə dövlət deyil. Əlbəttə Türkiyə iqtisadiyyatında müəyyən problemlər var, lakin bu, lirənin belə ucuzlaşmasına təsir edəcək səviyyədə deyil”.

Lirənin dollar və avro qarşısında ucuzlaşmasının Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrə təsiri məsələsinə toxunan həmsöhbətim ciddi təsir olmayacağı qənaətindədir: “Əksinə ən azından indiki dövrdə milli valyutamızın məzənnəsinin sabit olduğunu nəzərə alsaq Azərbaycanın Türkiyədən idxalı arta, bu ölkəyə gedən turistlərimizin sayında artım ola bilər. Lakin hesab etmirəm ki, bu, böyük rəqəmlərdə olsun. Türkiyə kifayət qədər müstəqil iqtisadi və siyasi sistemə malik ölkədir və türk lirəsinin məzənnəsi ölkə üçün o qədər də əhəmiyyətli deyil”.

Həmsöhbətim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Mərkəzi Bankı arasında faiz dərəcələri ilə bağlı mübahisəsinə də toxunub. Qeyd edək ki, R.T. Ərdoğan Mərkəzi Bankın faiz dərəcələrini aşağı salmasında israr edir. Müstəqil qurum olan Mərkəzi Bank isə buna getməkdən imtina edir. Xatırladaq ki, Mərkəzi Bank yanvarda keçirdiyi iclasda faiz dərəcələrini dəyişdirməyərəl əvvəlki səviyyədə saxlayıb: faiz dəhlizinin aşağı və yuxarı həddi müvafiq olaraq 7,25 faiz və 9,25 faiz.

Onun sözlərinə görə, təbii ki, Mərkəzi Bank faiz dərəcələrini aşağı salsa, bu, türk lirəsinin digər xarici valyutalara qarşı məzənnəsini ucuzlaşdıracaq:  “Lakin məzənnə məsələsi yalnız ikinci dərəcəli dövlətlər üçün vacibdir. ABŞ, Avropa dövlətlərində əsas olan öz iqtisadiyyatlarını inkişaf etdirməkdir və milli valyutalarının məzənnəsi onlar üçün o qədər önəm kəsb etmir. Əgər ölkə iqtisadiyyatının inkişafı üçün faiz dərəcələrini aşağı salmaq lazımdırsa, buna gedirlər. Məsələn,  bu yaxınlarda ABŞ dolları digər valyutalara nisbətdə ucuzlaşdı, ABŞ istəsəydi buna imkan verməzdi. Sadəcə onlar daxili iqtisadiyyatlarının inkişafını düşünürlər. Eynilə Türkiyədə daxil iqtisadiyyatın inkişafı üçün aşağı faiz dərəcələri lazımdırsa, məzənnə məsələsini fikirləşmək lazım deyil. Bununla məzənnə məsələsinin heç bir əhəmiyyətinin olmadığını demək istəmirəm. Əlbəttə ki, var. Xarici iqtisadi əlaqələr, ticarət üçün əhəmiyyətlidir. Lakin bir nömrəli məsələ deyil. Ancaq  daxili potensial hesabına kifayət qədər özünü hər şey ilə təmin edə bilən dövlət üçün məzənnə elə də ciddi məsələ deyil”.

Digər iqtisadçı-ekspert Vüqar Bayramov saytımıza məsələ ilə bağlı münasibət bildirirkən deyub ki, Mərkəzi Bankın faiz dərəcələri milli valyutanın məzənnəsinə birbaşa təsir göstərən faktordur.

O buna misal olaraq xatırladıb ki, Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıranda dollar digər valhyutalara nisbətdə məzənnəsi bahalaşdı, azaldanda isə bunun əksi müşahidə edildi: “Bu baxımdan faiz dərəcələri milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsində aparıcı rol oynayır”.

Bununla belə, V. Bayramov diqqətə çatdırıb ki, lirənin məzənnəsindəki azalmalar daha çox xarici faktorlarla bağlıdır: “Türkiyənin xüsusilə bir sıra Avropa ölkələri, o cümlədən ABŞ ilə münasibətlərinin gərginləşməsi türk lirəsinin məzənnəsinə birbaşa təsir göstərir”.

O vurğulayıb ki, əgər Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini aşağı salarsa, bu, lirənin məzənnəsindəki azalmaları sürətləndirə bilər: “Bu o deməkdir ki, bu halda banklar və eyni zamanda dövlət milli valyutada olan yığımlara görə daha az ödəniş edəcək və daha az faiz verəcəklər. Nəticədə bu milli valyutanın məzənnəsinə qismən təsir göstərəcək”.

V. Bayramov əlavə edib ki, bu, rəsmi Anakara üçün ixrac imkanlarını genişləndirmək baxımdan vacibdir, eyni zamanda büdcə ayırmalarında lirə ifadəsində bir sıra sosial öhdəliklərin yerinə yetirilməsi daha asan başa gəlir: “ Mərkəzi Bank üçün faiz dərəcələrinin dəyişməməsi ona görə vacibdir ki, bu, valyuta bazarında stabilliyə təsir göstərən əsas faktorlardan biridir. Faiz dərəcələrinin aşağı salınması türk lirəsinin məzənnəsinin tənzimlənməsi ilə bağlı çətinliklər yarada bilər. Hər iki tərəfin bu kontekstdən öz yanaşması var. Bir tərəf sosial öhdəliklərinin yerinə yetirilməsinin asanlaşmasında və ixrac imkanlarının genişləndirilməsində maraqlıdır, digər tərəf isə valyuta bazarında mövcud məzənnə siyasətinin davam etdirilməsinə, lirənin kəskin ucuzlaşmamasına imkan yaratmamağa çalışır”.

 Məftun Salmanov