Logo

“Qızını mənə ərə vermək istəyirdi, razılaşmadım” - Alma bağında qətl


Qətldə ittiham olunan şəxs mərhumun ağacdan yıxılıb öldüyünü iddia etsə də, istintaq araşdırmaları, ekspertiza rəyləri, şahid ifadələri bunun əksini göstərir, ortada qisasçılıq amili olduğunu sübut edir. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 33 yaşlı Quba rayon sakini Samir Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Topxeber.Az virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi ötən il sentyabrın 23-də Quba rayonunun Əliməmmədoba kəndində baş verib. İttihama görə, Samir Mahmudov qisasçılıq zəminində Xaşmaz rayonu Əliməmmədoba kənd sakini Eldar Əhmədovun baş nahiyəsinə daşla vuraraq onu qətlə yetirib.

Ailə üzvləri ilə birgə E.Əhmədova məxsus alma bağında işləyən Samir Mahmudovla bağ sahibi arasında bir neçə dəfə mübahisə düşüb. Mübahisəyə alma bağına yaxşı baxılmaması, ağacların quruması səbəb olub. Samirin özü və atası Ənvərşah Mahmudov işdən qovulsalar da, bağdan çıxmaq istəməyiblər.

Bağ sahibi ilə Mahmudovlar arasındakı sonuncu insident zamanı qan tökülüb. S.Mahmudovun atdığı daşlardan biri E.Əhmədovdan yan keçsə də, ikincisi hədəfə dəyib. Baş nahiyəsindən ağır xəsarət alan E.Əhmədov hadisə yerindəcə dünyasını dəyişib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samir Mahmudov saxlanılıb.

Təqsirləndirilən Samir Mahmudov həm istintaq, həm də məhkəmə zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, mərhumun ağacdan yıxılaraq dünyasını dəyişdiyini deyib: "Hadisə baş verən gün atam zəng vurub dedi ki, bağda təkəm, bura gəl, getdim. Oraya çatanda iki nəfərin Eldarı saxladığını, atamın isə yolun kənarında dayandığını gördüm. Atam dedi ki, Eldar mənim nəslimi-kökümü söydü, sonra da vurmaq istədi. Dedim ki, gəl gedək burdan. Bu vaxt Eldar məni də nalayiq sözlərlə təhqir etməyə başladı".

S.Mahmudovun ifadəsinə görə, E.Əhmədov onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyüb. Ailəsinin ünvanına xoşagəlməz ifadələr işlətdiyinə görə Eldarın üstünə hücum çəkib, ətrafda olanlar onu sakitləşdiribməyə çalışıblar. Eldarın söyüşlərini davam etdirməsinə dözməyən Samir yoldan iri bir çay daşı götürüb onun üstünə atıb: "Daş Eldara dəymədi, yenidən söyməyə başladı. Bu dəfə bir az balaca daş götürüb ona sarı atdım. Daşın onun harasına dəydiyini görmədim. Atam məni danlayıb oradan kənarlaşdırdı. Biz gedəndə Eldar mobil telefonla danışırdı".

"Mən Eldarı öldürməmişəm. Hadisə zamanı atdığım hər iki çay daşı Eldara yox, alma ağacına dəyib. Mən bağdan çıxanda Eldar sağ idi. Onun hansı səbəbdən öldüyünü bilmirəm. Amma bu işi doğru-düzgün araşdırsalar, görəcəklər", - təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində göstərib.

Mahmudovlar yaşadıqları ünvana çatanda polis şöbəsindən zəng vurub barəsində şikayət olduğunu bildiriblər. Ata-bala Quba Rayon Polis Şöbəsinə yollanıblar: "Anam zəng vurub dedi ki, evə polislər gəlib, Eldar da ölüb. O vaxta kimi Eldarın öldüyündən xəbərim yox idi".

Mübahisəli alma bağına gəlincə, S.Mahmudov deyib ki, dövlət tərəfindən verilmiş bir hektara yaxın pay torpağını atası 2008-ci ildə E.Əhmədova satıb. E.Əhmədov isə pul qarşılığında sözügedən torpaq sahəsində yerləşən alma bağına baxmağı onlardan xahiş edib, razılaşıblar: "Eldar sonradan dedi ki, bağın əlli faizi sizin, əlli faizi mənim olacaq, mənə qalan hissəyə də siz baxacaqsınız. 2015-ci ildən bağa biz baxmağa başladıq".

S.Mahmudovun ifadəsinə inansaq, Eldar guya həyat yoldaşından ayrılan qızını ona ərə vermək istəyib. Əslində elə mübahisələrin kökündə də məhz bu məsələnin dayandığını deyib: "Dəfələrlə mənə qızı ilə ailə quracağım təqdirdə ev, maşın verəcəyini deyirdi. Ailə qurmaq istəmədiyimi bildirdikdə münasibətlərimiz soyudu. Bundan sonra Eldar "çıxın bağımdan, sizə veriləcək pulum yoxdur" dedi. Biz razılaşmadıq, iki il idi ki, o bağda əziyyət çəkirdik. Sonradan Eldar Rusiyaya getdi. Oradan da zəng vurub ağzına gələni mənə deyirdi. Mən də polisə şikayət etmişdim".

S.Mahmudov ifadəsində göstərib ki, E.Əhmədov ölkəyə qayıtdıqdan sonra ona bağa 1000 manata kimi xərc çəkildiyi deyilib. E.Əhmədov isə cavabında "pulun yerinə bir gün vaxt verəcəm, nə qədər istəyirsənsə bağdan alma yığ apar" deyib: "Həmin gün 80 yeşik alma yığdıq. Ondan sonra bir daha meyvə bağına nə mən, nə də atam getdi".

Zərərçəkmiş Leyla Əhmədova ifadəsində göstərib ki, həyat yoldaşı Mahmudovlar ailəsinə yaxşılıq edib, qarşı tərəf isə bu yaxşılığın əvəzinə onları şantaj etməyə başlayıb: "İki il olardı bizim bağda işləyirdilər. Bağa baxmaq üçün Eldar onlara maşın da vermişdi. O ailəyə hər cür yaxşılıqlar etmişdi. Bir müddət işlədikdən sonra məni, qızımı, baldızımı şantaj etməyə başladılar. Samir polisə şikayət etmişdi ki, guya yoldaşım bunları bağda işlədib, amma pullarını verməyib. Yoldaşım onları bağdan qovsa da, çıxmadılar. Polisə müraciət etdik. Samir baldızımın oğlunun üstünə bıçaq çəkmişdi. Biz bununla bağlı da polisə məlumat vermişdik. Yoldaşım bunun hərəkətlərindən bezmişdi. Sonra da yoldaşımın səhhəti pisləşdi. Bundan istifadə etməyə başladılar. Bağı ələ keçirmək istəyirdilər".

Şahid qismində dindirilən Cəmilə Rzayeva ifadəsində Samirin mərhum qardaşını dəfələrlə hədələdiyini deyib: "Hər yerdə deyirdi ki, Eldarı öldürəcəyəm. Hadisə baş verən gün qızım mənə zəng vurub dedi ki, Samir dediyini elədi, dayımı öldürdü".

Məhkəmə prosesi aprelin 13-də davam edəcək.