Logo

Tanınmış polkovnik: Rusiyanın Ermənistana XXI əsrin silahlarını verəcəyinə inanmıram


Rusiyanın 100 milyon dəyərində yeni kredit üzrə Ermənistana XXI əsrin silahlarını verəcəyinə inanmıram.

Bunu Topxeber.Az-a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Qeyd edək ki, Rusiya 100 milyon dəyərində yeni kredit üzrə Ermənistana bu il silah tədarük etməyə başlayacaq. İxrac kreditinin ayrılması haqqında sazoş 2017-ci il oktyabrın 24-də imzalanıb. Kredit Ermənistana illik 3 faiz və 15 il müddətinə ödəmə şərti ilə təqdim edilir. Müqaviləyə əsasən, Yerevan kredit vəsaitlərindən 2018-2022-ci illərdə istifadə etməlidir. Bununla belə Rusiyanın Ermənistana hansı silahları tədarük edəcəyi açıqlanmır. Xatırladaq ki, Rusiya 201-ci ilin iyununda Ermənistanla Rusiya silahının tədarükünün maliyyələşdirilməsi üçün 200 milyon dollarlıq dövlət ixrac kreditinin verilməsinə dair saziş imzalanıb. Həmin kredit isə illik 3 faiz və 3 il güzəştli dövr ilə birlikdə 13 il müddətinə verilib.

Onun sözlərinə görə, Rusiya hazırda silah arsenalını yeni nəsil və müasir silahlarla yeniləyir. Bu baxımdan hərbi ekspert hesab edir ki, Rusiya silah anbarındakı nisbətən köhnə silahları bu cür güzəştli formada üçüncü dövlətlərə, o cümlədən Ermənistana satır.

Ş. Ramaldanovun fikrincə, Ermənistan Rusiyadan ağır, daha doğrusu alışı daha çox vəsait tələb edən silahlar almayacaq. Hərbi ekspert qeyd edib ki, Ermənistan ümumi dəyəri 100 milyon dollar olan silah alsa da, bu sahədə Azərbaycanla paritetə çata və ya onu öz xeyrinə dəyişə bilməyəcək: “Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun statistik məlumatına əsasən, Ermənistan 2016-2017-ci illər ərzində ümumi dəyəri 124 milyon dollar silah idxal edib. Azərbaycan isə eyni müddət ərzində 551 milyon dollar dəyərində silah alıb. Statistik məlumatlar da bundan xəbər verir”.

Ehtiyatda olan polkovnik diqqətə çatdırıb ki, Ermənistan yeni kreditdən daha çox öz arsenalındakı köhnəlmiş texnikanın yenilənməsi məqsədilə istifadə edəcək: “Aprel döyüşləri zamanı Ermənistanın hazırda fəaliyyətdə olan Prezidenti Serj Sarkisyan da etiraf etmişdi ki, erməni ordusu daha çox 70-80-ci illərdə istehsal edilmiş silah-sursat ilə təmin olunub. Ermənistanın Rusiya tərəfindən təqdim edilmiş yeni kreditlə daha çox müəyyən atilleriya qurğuları alacağı qənaətindəyəm.  Təbii ki, yeni silahlar Ermənistan Silahlı Qüvvələrinin müəyyən silah-sursat, təchizat məsələləri baxımından ehtiyacları təmin edəcək. İnanmıram ki, həmin silahlar XXI əsrin silahları olsun. Lakin bu, Azərbaycan üçün elə də ciddi məlumat deyil. Azərbaycan yenə də əlavə olaraq öz ehtiyacları, düşmənin imkanları baxımından öz addımlarını atacaq və ola bilsin ki, yeni silah-sursat alsın”.

Rusiyanın Ermənistana “İsgəndər” raketləri satacağı və ya verəcəyinə dair xəbərlərə münasibət bildirən həmsöhbətim deyib ki, Ermənistanın “İsgəndər” raketlərini almasına ehtiyac yoxdur: “Çünki  “İsgəndər” raketinin nüvə başlığı olanda daha dağıdıcı qüvvəyə malik olur. Əgər bu nüvə başlıqları yoxdursa, dağıdıcı qüvvəsi böyük olan artilleriya mərmisindən fərqlənmir. Nüvə başlığı olmayan “İsgəndər” raketinin açıq ərazidə zərərvurma radiusu 500 metri əhatə edir, sadəcə uzaq məsafəyə atılma imkanı mövcuddur, müdafiə deyil, hücum xarakterli silahdır. Düşünürəm ki, Ermənistanın bu cür silahdan istifadər edərək hücuma keçib nəyəsə nail olması mümkün deyil. Bundan başqa, “İsgəndər” raketlərinin başqa dövlətlər tərəfindən alınması ilə bağlı müəyyən məhdudiyyət var. Bu tipli silahlar müvafiq beynəlxalq qurumların nəzarəti altındadır. Ümumiyyətlə “İsgəndər” kimi silahların alınmasına dair xəbərlərin yayılması Ermənistanın daxili auditoriyasına hesablanıb və insanların diqqətini cəlb etməyə yönəlib”.

Ş. Ramaldanov əlavə edib ki, Rusiya Ermənistana yeni güzəştli kreditlə silah satmaqla Azərbaycanı Moskavaya yeni silah sifarişlər verməyə sövq edir: “Bilirlər ki, Ermənistan silah aldıqca Azərbaycan da adekvat addım atacaq”.

Məftun Salmanov