Logo

Politoloq Lavrovun Kazan sammiti “sevdasının” arxasında nəyin dayandığını açıqladı


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bildirdiyi nikbin fikirlər dünya ermənilərinin münaqişənin həlli üzrə mövqelərini dəyişməli olduqlarına dair  mesajıdır.

Bunu  Topxeber.Az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu S. Lavrovun Ermənistan mətbuatına verdiyi müsahibədə Qarabağ probleminin həllində çətinliklərin öhdəsindən gəlməyin və nəticə əldə etməyin mümkün olduğuna dair sözlərini şərh edərkən deyib.

Lavrov öz ermənilərinə mesaj verdi

Onun sözlərinə görə, S. Lavrovun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı nikbinliyi ermənilərə bir növ mesaj xarakteri daşıyır: “Bu da ondan ibarətdir ki, dünya ermənilərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövqeyi dəyişməlidir. Öz ermənilərinə deyir ki, Qarabağ münaqişəsinin tənzimlənməsinin vaxtıdır.”.

M. Əhmədoğlu qeyd edib ki, Rusiya XİN rəhbəri Ermənistanın Dağlıq Qarabağ məsələsində mövqeyini dəstəkləyəndə həmişə pessimist olur, əlavə məsələlər, müəyyən detalların çatışıb-çatışmayacağı barədə danışır: “Lavrovun Ermənistan mətbuatına verdiyi mesaj  Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ümidsizliyi aradan qaldırmaq üçündür”.

Kələntəryan Lavrov

Politoloq onu da xatırladıb ki, S. Lavrov milliyətcə ermənidir: “Bunu həm özü, həm də onu yaxından taniyan ermənilər də etiraf edib. Onların arasında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, politoliq Andranik Miqranyan da var. O, Lavrovla qrup yoldaşı olub. Lavrovun özü də etiraf edir ki, soyadı Kələntəryandır”.

 Əlaltıya necə inanaq?

Həmsöhbətim Rusiya XİN başçısının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ən böyük problemin hazırda münaqişə tərəflərinin bir-birinə qarşı etimad göstərməməsi fikri ilə razılaşıb. Lakin bu etimadsızlığın rəsmi İrəvan tərəfindən qaynaqlandığını diqqətə çatdırıb: “ Hamı bilir ki, Ermənistan dünya miqyaslı alətə çevrilib. Ermənilər 100 il əvvəl Qərbin əlində alət olub, sonra isə Rusiyanın əlaltısı olmağa razılaşaraq Osmanlı İmperiyasına qarşı çıxıblar, hətta müəyyən mənada İranın da əleyhinə işləyiblər. SSRİ dağılan ərəfədə sovet imperiyasının dağılması üçün bu dəfə ermənilər özlərindən alət kimi istifadə edilmələri məqsədilə ABŞ xüsusi xidmət orqanlarına müraciət ediblər.  Azərbaycan bir əsr ərzində geosiyasi güclərin əlində 3-4 dəfə alətə çevrilmiş millətin təmsilçilərinə niyə görə inanmalıdır?”.

Politoloqun sözlərinə görə, Azərbaycan çalışır ki, münaqişənin həlli hökmən işğal olunmuş ərazilərdən başlasın, yəni işğalçı qoşunlar həmin ərazidən çıxarılsın: “Bu olacaqsa, Azərbaycanın həm həmsədrlərə, həm də Ermənistana inamı yaranacaq”.

Lavrov Kazan görüşündə İrəvanın tərəfini tutub

S. Lavrovun Qarabağ probleminin tənzimlənməsində 2011-ci il Kazan sammitinin görülmüş işlərindən istifadə edilməli olduğuna dair sözlərinə gəlincə, M. Əhmədoğlu diqqətə çatdırıb ki, o, Kazan görüşündə həmişə də İrəvanın tərəfini saxlayıb. M. Əhmədoğlu vurğulayıb ki, S. Lavrov Kazan görüşündə sənədin imzalanmamasının səbəbkarının Ermənistan olmadığını hesab edir, yəni Azərbaycanı təqsirli bilir.  

Həmsöhbətim Kazan görüşünün konseptual əsasının nədən ibarət olduğunu ətraflı izah edib: “2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində keçirilən “Böyük səkkizlərin” (G8) sammiti zamanı üç həmsədr ölkənin prezidenti – ABŞ-dan Barak Obama, Fransadan Nikolya Sarkozi və  Rusiyadan Dmitri Medvedev həmsədrlərə  2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar. Azərbaycan bu sənədi qəbul edib, çünki sənədin birinci maddəsində göstərilirdi ki, Dağlıq Qarabağın ətrafındakı digər işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır və heç bir şərt qoyulmurdu. Ermənistan isə bunu qəbul etmədi. İrəvan 2007-ci ildə ortaya qoyulmuş Madrid prinsiplərinə qayıtdı”.

Madrid prinsipləri termini çoxlarını çaşdırır

Onun sözlərinə görə, Madrid prinsipləri termini çoxlarını çaşdırır: “2007-ci ildə qəbul edilən və 2008-ci ildə münaqişə tərəflərinə təqdim olunan Madrid prinsipləri var, bir də yenilənmiş Madrid prinsipləri var ki, bu da dediyim kimi 2009-cu ilin iyul ayında qeyd olunub. 2007-ci ilin Madrid prinsiplərində birinci məsələ münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsi olub, işğal olunmuş ərazilərin qaytarılması üçüncü-dördüncü dərəcəli məsələ olub. Hətta ərazilərin qaytarılması məsələsində göstərilirdi ki, Kəlbəcər və Laçın Azərbaycana qaytarılmasına ayrıca baxılacaq. Amma 2009-cu ilin yenilənmiş Madrid prinsplərində belə bölgü olmayıb, söhbət Dağlıq Qarabağın bütün ətraf  ərizələrin Azərbaycana qaytarılmasından gedirdi”.

Lavrovun Kazandakı rolu

M. Əhmədoğlu qeyd edib ki, Ermənistanın 2007-c ilin Madrid prinsilərini, Azərbaycan isə yenilənmiş Madrid prinsiplərini qəbul etdiyinə görə  2011-ci ildə Kazanda münaqişə tərəflərinin iştirakı ilə bir növ Madrid prinsipləri ilə yenilənmiş Madrid prinsipləri arasında ortaq məxrəcə gəlmək üçün görüş keçirilib: “Ən son anda Rusiyanın xarici işlər naziri Kazanda imzalanacaq təxminən razılaşdırılmış sənədə dəyişiklik etdi. Lavrov ortaq məxrəc olan sənədi Madrid prinisplərinə tərəf çəkmişdi. Azərbaycan tərəfi isə, öz növbəsində sənədi yenilənmiş Madrid prinsiplərinə tərəf çəkdi. Ona görə də sənəd imzalanmadı. Bu səbəbdən Kazan görüşü barədə danışanda Lavrov həmişə Azərbaycanın əleyhinə çıxış edir”.

Putin mərhələli həlli 3 mərhələyə böldü

Politoloq vurğulayıb ki, rəsmi Moskva 2016-cı ilin iyununda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə münaqişənin mərhəli şəkildə həll edilməsi ilə bağlı yeni modelini ortaya atıb: “Azərbaycan mərhələli həll variantında iki mərhələnin tərəfdarıdır yəni Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılır, erməni qoşunları Dağlıq Qarabağdan çıxarılır, azərbaycanlılar həmin ərazilərə qayıdır, Dağlıq Qarabağın statusu isə ikinci mərhələdə həll olunur. Vladimir Putin isə iki mərhələni üç mərhələyə böldü. Dağlıq Qarabağ ətrafındakı beş rayon Azərbaycana qayıdır. İkinci mərhələdə Laçın dəhlizinin statusu müəyyənləşir və detallar razılaşdırılandan sonra Laçın və Kəlbəcər Azərbaycana qaytarılır, üçüncü mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşir. Azərbaycan buna razılıq verdi, Ermənistan isə qəbul etmədi”.

 Məftun Salmanov