Logo

Bu gün GoldNews.Az xəbər portalının 1 yaşı tamam olur


Bu gün GoldNews.Az xəbər portalının 1 yaşı tamam olur. Sayt ilk dəfə ötən il aprelin 10-da geniş oxucu kütləsinin qarşısına çıxıb.

Topxeber.Az bildirir ki, portalın baş redaktoru İlkin Mustafayev bildirib ki, bu bir il ərzində demək olar ki, qarşımıza qoyduğumuz bütün hədəflərə çatmışıq:

"Əvvəlcə, onu qeyd edim ki, "goldnews" adının seçilməsi heç də təsadüfi deyil. "Qızıl xəbər" mənasını daşıyan portalın adı geniş oxucu kütləsinə dəqiq və operativ, qızıl kimi qiymətli xəbərlər təqdim etmək məqsədilə seçilib. Biz "susmaq hər zaman qızıl deyil" devizini üstün tutmaqla da oxucuya düzgün və dəqiq xəbər çatdırmağın susmaqdan daha qiymətli olduğu fikrini ortaya qoymuşuq. Ölkə mediasında bu gün kifayət qədər tanınmış, oxucuların etimad göstərdiyi saytlar mövcuddur. Biz həmin saytlarda gündəlik bir neçə istinad xəbərlərimizi görəndə, müəyyən uğurlara imza atdığımız qənaətinə gəlirik".

Baş redaktorun sözlərinə görə, portal hər gün 15 saat fəaliyyət göstərir və özəl xəbərlərə xüsusi diqqət yetirir:

"Qeyd edim ki, bu bir ildə saytımızda yayımlanan özəl xəbərlər, müsahibələr, reportajlar kifayət qədər, sözün yaxşı mənasında, ölkədə gündəm yarada bilib. Mən bu gün, "biz kiçik bir kollektivlə kifayət qədər böyük işlərə imza atan saytlardan biri olmuşuq" desəm, düşünürəm ki, mübaliğə etmiş olmaram. Hazırda, yalnız Azərbaycan dilində oxucularla görüşə gələn saytımızın yaxın vaxtlarda rus və ingilis dillərində də fəaliyyətə başlaması və iş saatlarının 24 saata çatdırılması nəzərdə tutulur".

GoldNews.Az, təbrik edirik!