Logo

Merkel: “Suriyada kimyəvi silahın tətbiqi ilə bağlı çox aydın sübutlar var”


Almaniya federal kansleri Angela Merkel Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə dair sübutların yetərli olduğunu bildirib.

Topxeber.Az APA-ya istinadən verdiyi xəbərə görə, A. Merkel bunu Berlində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Orada doğrudan da kimyəvi silahın tətbiqinə dair sübutlar çox-çox aydındır. Bunu bir daha yoxlamaq olar, lakin bu, bizim qiymətləndirməmizi dəyişməyəcək. Biz dünən açıq bəyan etdik ki, kimyəvi silah tətbiqini qətiyyətlə qınayırıq. Mən deməliyəm ki, bu qədər beynəlxalq diskussiyadan sonra yenə də kimyəvi silahdan istifadə olunması dəhşət doğurur. Biz bu barədə açıq dillə danışmalıyıq”.   

Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Lakin Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırır.