Logo

"Dedim ki, maşında ana-bacı var" - General oğlunun işi


Bakıda xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Topxeber.Az bildirir ki, Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Sənan Səmədov ifadə verib.

O, hadisə haqqında danışarkan bildirib ki, "Əcəmi darəsində" təqsirləndirilən Rüstəm Orucovla mübahisəsi siqnal vermək üstə olub: "O normal şəkildə yanıma gəldi. Niyə siqnal verdiyimi soruşdu. Ona yol nişanını göstərdim. Mənə nalayiq söz dedi. Dedim ki, "maşında ana-bacı var". Nömrəmi istədi, vermədim, maşını arxamca sürüdü. Sonuncu dayanacağa çatanda dispteçer Əsgər Qasımova bu barədə bildirim. Rüstəm mənə tək yaxınlaşdı. Əsgər müəllim ondan soruşanda "ağsaqqal, bir kəlmə söz deyirəm" deyib, məni qırağa çəkdi. O, qəflətən məni yumruqla vurdu. Yerə yıxılıb özümüdən getdim".

Prosesdə ifadə verən zərərçəkmiş Sənan Dəmədovun məhkəmdə verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət üzə çıxıb.

Bu səbəndən hakim onun ibtidai istintaqa verdiyi ifadələri açıqlanıb.

O, ilkin ifadələrində hadisə zamanı R.Orucovun onu vuranda digər təqsirləndirilən şəxslərin də orada olduğunu deyib.
Sənan Səmədov həmin ifadəsini bu cür izah edib: "Hadisədən sonra xəstəxanadan çıxmışdım, nə dediyimi bilmiridim. Çünkü halım çox pis idi. Hadisə zamanı Kənanla Pərviz orada olmayıb. Sonra dostlarım dedilər ki, hələ onlar ürəyim gedən zaman üzümə su vurublar".

Təqsirləndirilən R.Orucov qeyd edib ki, sürücü hadisə baş verən zaman avtobusda ona söyüş söyüb.

Daha sonra avtobus dispeçeri Əsgər Qasımov şahid qismində dindirilib. O deyib ki, hadisə baş verən zaman Rüstəm Orucov tək olub: "Sənan sonuncu dayanacağa çatanda bu barədə dedi. Rüstəm bizə tərəf gələndə qabağına çıxdım. Dedi ki, ağsaqqal bir kəlmə söz deyib gedirəm. Sonra Sənanı kənara çəkdi və bu zaman səs gəldi. O, Sənanı vurmuşdu. Sənan yerə yıxılıb ürəyi getmişdi. Başım ona qarışmışdı".

Növbəti proses aprelin 19-da davam edəcək.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Pərviz Abbasov və Kənan Vəliyevin hər birinə 1 il 6 ay cəza kəsilib. Onlar məhkəmə zalında həbs ediliblər.
İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.

Rüstəm Orucov ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində işləmiş general-mayor Novruzəli Orucovun oğludur.

Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.