Logo

“Zakaz”-a işləyən sürücü - Ürəyinizdən şən mahnı keçir? KÖŞƏ


İlin günün bu vaxtı camaat seçkiyə gedib, səs verir, mən də burda oturub, “Google”- da axtarış edirəm: Meyxana sözləri. İnterneti ələk-vələk etmişəm. Çıxan sözlərə baxın bir: “Səninlə eyni cəhənnəmdə yanmaq üçün”. Vallah cəhənnəmdə yanmaq istəmirəm mən. Heç hənanın yeridi? Mən nə axtarırdım, nə çıxdı. Sözümün canı var...

Dünən “20 Yanvar”da “manatlıq” taksi gözləyirəm. Hər gələn taksiyə də əyləşmək istəmirəm. Həmişə çalışıram ki, ön yerdə oturum, ya da ki, arxa oturacaqlara qadın keçirsə, əyləşirəm. Əks halda yox. Çünki bəzi əkscinslərimiz var ki, maşallah elə otururlar ki, sən də onların yanında üzdənirağ “büzüşmüş kartofa” oxşayırsan. Nəysə, birdə gördüm ki, bir taksi gəlir, arxaya da xanımlar əyləşmək istəyirlər, mən də tez qaçdım, oturdum maşına. Elə yerimi təzəcə rahatlamışdım ki, qəfildən mahnı səsi gəldi: “Cəhənnəmdir, bu həyat, bezmişəm yaşamaqdan”. Səs qulaqlarımda guppuldayır. Yanımdakı xanıma biz yəqin məcburuq ki, çatana kimi bu mahnıya qulaq asaq dedim.  Xanım da mənim bu sözlərimə bəndiymiş kimi, qardaş olar ki, mahnının “xod”unu bir az alasız? Onsuz da əhvalımız yoxdur, siz də mahnı tapmısınız, ölüm belə getdi, cəhənnəm belə gəldi. Nə ölüm-ölüm salmısınız, hamımızın problemi var, bəlkə də bu saat məndən problemli adam yoxdur?  Belə mahnılar da lap adamı əsəb edir. Qadının sözləri taksi sürücüsünü nətər “qaza” gətirdisə, deyəsən, o da qazın pedalını basdı. Bir onda baxdım ki, sürət “140”. Sürücü deyinir: “Öləcəyik, nə fərqi var, tez, ya gec. Düz deyir də həyat cəhənnəmdir”. İndi sizin ürəyinizdən şən mahı keçir?  Hansı mahnını istəyirsiniz deyin. Bu sözdən sonra mənə bir gülmək gəldi ki… Fikirləşdim, indi də yəqin toy abu-havası yaranacaq. Sürücü də “zakaz”a işləyəcək, nə mahnı desək, o da olacaq. Düzü, gözlədim ki, “Ay eyvandakı” səslənəcək. Gözləntim gözümü yolda qoydu. Nə qədər əlləşib-vuruşdu ki, bir oynaq mahnı tapsın. Amma nə olsun, yoxdur ki, yoxdur.  Musiqiləri qırıq-qırıq şəkildə eşidirik, ha o yana, ha bu yana. Birdən bir mahnı çıxdı ki, gəl-görəsən.

Qadın artıq dillənmirdi. Mənim isə gözüm sürətdə qalmışdı. “Bunun psixologiyası yerində deyil, gedək sağ-salamat evimizə çataq” o, pıçıldadı.

Düşməyimə az qalmışdı, mən isə gülürdüm.

Xanım- Niyə gülürsünüz?

Mən: - Əhvalımız açılsın. Bayaq özünüz dediniz ki, heç kefim yoxuydu, bu taksiyə də gərək minməzdim, lap sıxıldım. Mən də gülürəm ki, heç olmaya pis əhval-ruhiyyə ilə uşağınızı qucaqlamayın.

Hələ də gülürdüm. Pozulmuş kefimə gülüşlə rəng qatmaq istəyirdim, axı mənim də qarşıma sevinə-sevinə “ura, anam gəldi” deyən övladım qaçacaqdı.

Nihadə Eyyubova (Topxeber.Az)