Logo

Azərbaycanda beş Şri Lanka vətəndaşı saxlanıldı


Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Şri Lanka vətəndaşı saxlanılıb.

Topxeber.Az DMX-ya istinadən bildirir ki, araşdırma zamanı Şri Lanka vətəndaşlarının Azərbaycan-İran-Türkiyə marşrutundan istifadə etməklə qanunsuz yollarla Avropaya getmək üçün Azərbaycana gəldikləri müəyyən edilib.

Belə ki, qeyd olunan şəxslərin  Avropaya aparılmasının Fransada yaşayan Sangal, Türkiyədə yaşayan Usmandar, İranda yaşayan Zəki adlı şəxslərdən ibarət beynəlxalq dəstə tərəfindən təşkil edildiyi məlum olub. Bu məqsədlə dəstə üzvlərindən Zəkinin müraciəti əsasında Azərbaycan Respublikasının vətəndaşı İltimas Əliyev Şri Lanka vətəndaşlarını əvvəlcə Bakı şəhərində yerləşdirib. Sonradan Zəkinin sifarişi ilə əcnəbilər dövlət sərhədindən qanunsuz olaraq keçirilmək məqsədilə Yardımlı rayonu istiqamətində aparılarkən saxlanılıb.

Keçirilmiş birgə araşdırma tədbirləri nəticəsində qeyd olunan qanunsuz miqrasiya kanalının təşkilatçıları ifşa edilib.

Saxlanılmış əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.