Logo

“Hansı verilişə çıxım, kimdən müsahibə alım?-MÜSAHİBƏ


Tanınmış diktor, xalq artisti Şərqiyyə Hüseynova əvvəlcə müsahibə vermək istəməsə də, ancaq sonradan razılıq verir. Topxəbər.Az saytı məşhur xanımın müsahibəsini oxuculara təqdim edir.

-Şərqiyyə xanım, necəsiniz?

-Yaxşıyam, çox sağ olun

-Niyə müsahibə verməkdən yan keçirsiniz?

-Son vaxtlar müsahibə verməkdən zəhləm gedir

-Niyə?

-Olduğunu danışmaq, olmadığından da söhbət eləmək istəmirəm.

-Sizi görmürük, səsinizi eşitmirik. İndi nə işlə məşğulsunuz?

-“Tet-a-Tet” verilişlər olanda efirlərdə görünürəm. “Kiminsə həyatını analiz et” bu tip verilişlərə isə çıxmaram. Hazırda CBC telekanalında dərs deyirəm. Bir də hansısa dövlət tədbiri olanda efirdə görünürəm. Efirdə görünməyin başqa nə mənası var? Elə verilişlər var ki, dəvət alıram, amma istəmirəm, getmirəm. Bizim nəsil bu fikirdədir ki, qalmaqallı, reytinq xətrinə olan verlişlərdə iştirak etməyin əhəmiyyəti yoxdur. Indi əsas işimiz gənc nəsilə bildiklərimizi ötürməkdir.

-İndiki aparıcıları bəyənirsiniz?

-İndi dövr başqadır, aparıcıların, müxbirlərin işi çox çətindir. Demək olmaz ki, qabaq biz çox əziyyət çəkmişik. Bizim öz əziyyətimiz olub, indiki aparıcıların, redaktorların özünəməxsus çətinlikləri var. Bir də görürsən ki, elə gözəl aparıcıdır, jurnalistdir, dilində bir balaca qüsur var, amma mövzunun üzərində  çox yaxşı çalışıb, təqdimatı qəşəngdir. Gəlin o xırda qüsurları görməyək, buna qulp qoymayaq. Bütün telekanallarımızda aparıcılar, redaktorlar dünyada, ölkədə baş verən hadisələrin hamısını işıqlandırır. Son vaxtlar geyimlərinə fikir verirlər. Hansısa telekanalda xəbər aparıcısı uzun sırğa taxanda dərhal zəng vururam rəhbərliyə, o sırğanı çıxarsınlar. Baxın Moskvanın xəbər aparıcılarına. Onlar heç bir vaxt zinət əşyalarından istifadə etmirlər. Efidə xəbər aparıcısı elə olmalıdır ki, tamaşaçının fikri heç bir yana yayılmasın. Bu gün xəbər aparıcıları əsas  geyimlərinə fikir verməlidirlər.

- Ümumiyyətlə, telekanallarda müşahidə olunan bəzi xoşagəlməz halların qarşısını necə almaq lazımdır?

- Şirkətin rəhbərindən çox şey aslıdır. Bir dəfə korifey, mərhum Rafiq Hüseynov 3ay efirdən uzaqlaşdırılmışdı. Çünki bakenbardı vardı. Tamaşaçıya hörmət hissi olmalıdır.

- Telekanallardan veriliş aparmaq təklifi gəlsə, gedərsiniz?

-Hansı verilişə çıxım, kimdən müsahibə alım? Şou proqram apara bilmərəm, çünki o əhval- ruhiyyədə deyiləm. Siyasi veriliş ,müsahibə ?. Artıq yaşıdlarımın çoxu həyatda yoxdur. Kim də varsa, onlar da efirə çıxmaq istəmirlər.

-Hansı kanallara baxırsınız?

-Bütün kanalları vaxtaşırı izləyirəm. Baxıram ki, nə var, nə yox. “Olmaz” olanı deyim ki onu etməsinlər. Mən kanallara baxmalıyam, xalqın xalq artistiyəm, prezident təqaüdçüsüyəm. 51 ildir ki, televiziyadayam. Mən ancaq televiziyanı izləməliyəm.

Nihadə Eyyubova