Logo

"Real Madrid" və Kriştianu Ronaldu şəxsi rekordunu yeniləyib


İspaniyanın "Real Madrid" klubu futbol üzrə Çempionlar Liqasında şəxsi rekordunu yeniləyib.

Topxeber.Az "Report"a istinadən bildirir ki,"kral klubu" ardıcıl 8-ci dəfə Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına yüksəlib. Madridlilər buna İtaliya "Yuventus"unu 1/4 final mərhələsində iki oyununu cəmində (3:0, 1:3) üstələyərək, nail olublar.

Həlledici qolu komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu vurub. Bu, Ronaldunun "Yuventus"la görüşlərdə 10-cu qolu olub. 33 yaşlı forvard bir komandaya 10 qol vuran ilk futbolçuya çevrilib.

Təcrübəli hücumçu oyundan verdiyi açıqlamada penaltinin təyin olunduğu epizoda belə şərh verib: "Başa düşə bilmirəm ki, "Yuventus"un futbolçuları niyə etiraz edərək, penaltinin olmadığını bildirirlər. Həmin vaxt qayda pozulmasaydı, qolu oyun epizodundan vuracaqdıq. Müasir futbolda heç kim sənə hədiyyə verməz. Bu səbəbdən, sonadək vuruşduq, təzyiq etdik, çoxlu qol epizodu yaratdıq ki, qol vuraq. Lakin Buffon qapıda möhtəşəm idi. Çox şadıq ki, istədiyimiz qolu vurduq".

Qeyd edək ki, "Real Madrid" yarımfinala yüksəldiyi son 8 mövsümdə 3 dəfə (2014, 2016, 2017) Çempionlar Liqasının qalibi olub. Ümumilikdə "kral klubu"nun aktivində 12 belə kubok var.