Logo

​Hansı qadınlar ərlərini döyməyə meyillidirlər?


“Kül o kişinin başına ki, arvadı onu döyür, yaxud da sən necə kişisən ki, arvad səni döyür, kişi yerinə qoymur”

Cəmiyyətdə kişilər tərəfindən bu cür fikirlərin tez-tez səslənməsinə yəqin ki, etiraz etmərsiniz. Heç bir kişi xanımı tərəfindən müəyyən zorakılıqlara məruz qalmasını özünə sığışdıra bilmir. Kişilər bu cür halları absurd hesab edirlər. Amma reallıqda bunun əksini göstərən faktlar da var. Çox uzağa getməyək. Iki gün əvvəl belə bir başlıqlı xəbər mətbuatı bürüdü: “Keçmiş polis əməkdaşı arvadı tərəfindən döyüldü” Təbii ki, kişinin arvadı tərəfindən döyülməsi təəccüb doğurur. Əkscinsin güc strukturu hesab etdiyimiz keçmiş polis əməkdaşı olması isə məsələni necə deyərlər, lap “qəlizləşdirir” Necə yəni, arvad kişini döydü? Özüdə ki, polisi.. Bu ehtimalları nəzərə alaraq,qadın kişini necə və nə üçün döyə bilər?, bu tip qadınlar hansılardır? suallarına cavablar axtarmağa çalışdıq. 

Psixoloq Fərqanə Mehmanqızı TopXeber.Az-a danışaraq qeyd edib ki, ümumiyyətlə, bu gün şiddət halları artıb : “Kişinin qadına, qadının kişiyə, kişinin kişiyə, qadının qadına şiddəti. Yenityetmələr, orta, yaşlı nəsildə aqressivləşmə çoxalıb. Bu aqressivlik özünü həm cəmiyyətdə, həm şəxsi həyatda, həm də sosial şəbəkədə biruzə verir. Hər şey ailədən başlayır. Kiçik dövlət olan ailədə aqressiya çoxdursa, təbii ki, cəmiyyətdə də aqressiya çoxalacaq. Ailədə olan hörmətsizlik, sevgisizlik cəmiyyətdə belə iyrəncliklərin yaranmasına gətirib çıxarır” . Psixoloqun sözlərinə görə, son zamanlar qadınların kəskin dərəcədə aqressiv olmalarına səbəb valideynlərdir: “Kişilər tərəfindən qadınlar çox əzilir. Baxın, qız hələ uşaqdır, valideyn başlayır onu tənbeh etməyə “sən qızsan, düz otur, danışma, az gül, özünü yaxşı apar”. Biz başa düşürük, hər bir insan özünü yaxşı aparmalı, mədəniyyət, etika olmalıdır. Ancaq “sən qızsan, özünü yaxşı apar” sözləriylə sanki təhqir edilmiş olursan. Bizim xəbərimiz olmadan o qızları əzirik. Deməli, qadın olmağım mənim əskikliyimdir. Sanki mənə deyirlər ki, “sən pəltəksən danışma”. Qız böyüyür, ata deyir ki, çölə çıxmaq olmaz. Sonra qız ailə qurur, artıq yoldaşı deyəndə ki, “sən qadınsan, belə olmaz”, həyat yoldaşının adi bir sözü, onun aqressiyasını daha da artırır. O, fikirləşir ki, “mən qadınam deyə, belə edirsən”. Müəyyən qadın tipləri var ki, psixoloji zərbələrlə böyüyüblər. Onlar fikirləşirlər ki, “mən qadınam deyə, təhqir olunuram, özümü kişi kimi aparsam təhqir olunmaram” Və o qadın başlayır, şiddət, təhqir, söyüşlərlə” Psixoloq deyir ki, qızlar qadın incəliyi, zərifliyi ilə böyüməlidirlər: “Əks halda, aqressiya ilə böyüyən qızda bu aqressiya yığılıb-yığılıb və pik həddə çatanda partlayacaq. Vurmaqla, döyməklə illərin aqressiyasının sanki, əvəzini çıxacaq. Hər şeyin əvvəlində uşaqlıqda aldığımız psixoloji zərbə durur. Bir tərəfdən də qadınlarımız “psixoloji ana” olmağa hazır deyillər”. Psixoloq əlavə edib ki, zorakılıq səbəbiylə müraciət edən kişilərin sayı çoxluq təşkil edir “Qadından ayrılan zaman övladı kişiyə göstərməməklə, adamı işində biabir etməklə, kişiyə bütün hallarda qaşqabaq tökməklə- bu kimi psixoloji zorakılıqlara məruz qalıb müraciət edənlər çoxdur. 

Əsasən, 30-35 yaş qrupunda olan kişilər bizə müraciət edir” Sosioloq Lalə Mehralı deyir ki, mental baxımdan “kişilərimiz döyülür” düzgün yanaşma olmasa da, ancaq reallıqda belə faktlar var: “ Ailəsində həm fiziki, həm psixoloji baxımdan təzyiqlərə məruz qalan kişilərimiz var. Polis öz həyat yoldaşı tərəfindən fiziki təzyiqə məruz qalırsa, biz hansı faktlarla əsaslanıb deyə bilərik ki, kişilər döyülmür. Polis öz kübarlığından həyat yoldaşına əl qaldırmayıb. Bu, o demək deyil ki, onun həyat yoldaşına gücü çatmır? Bizim ətrafımızda həyat yoldaşını döyən kişilərlə yanaşı, həyat yoldaşlarına əl qaldırmayan kişilər də var. Yaxşı qazanc gətirə bilməyən bir kişinin daim təhqir olunması , övladı olmayan bir kişinin cəmiyyət tərəfindən qınanılmasının özü də zorakılıq hesab olunur”. Sosioloq hesab edir ki, kişilərin qadınlar tərəfindən fiziki zorakılığa məruz qalma faktları olsa da, amma bu rəqəm barmaqla sayıla biləcək qədərdir: “Bu gün 100 qadın kişilər tərəfindən döyülürsə, 2 kişi qadın tərəfindən zorakılığa məruz qala bilər. Allah bizi o gündən qorusun ki, bu cür hallar kütləviləşsin”. 

Məsələ ilə bağlı Ailə,Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsindən isə saytımıza bildirildi ki, kişilərin fiziki zorakılığa məruz qalma faktları ilə bağlı rəsmi statistika qeydə alınmır. 

Nihadə Eyyubova