Logo

Rusiya Xəzərdəki gəmilərindən ABŞ-ın Suriya ətrafındakı gəmilərini vuracaqmı? - Ekspertdən açıqlama


Rusiya Xəzər dənizini artıq xeyli müddətdir təhlükəli zonaya çevirib və bununla da şimal qonşumuz öz problemlərinə Azərbaycanı da qatıb.

Bunu TopXeber.Az-a hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Rusiyanın Suriyada ABŞ-ın mümkün zərbələrinə cavab olaraq Xəzər dənizindəki donanmasından istifadə ehtimalını şərh edərkən deyib.

Rusiyanın Xəzərdəki donanmasını Həştərxandan Dağıstanın Kasipiysk limanına daşımaq planını həyata keçirməyə başladığını xatırladan Ü. Cəfərov bildirib ki, rəsmi Moskva yaxın illərdə bu bölgədə vəziyyəti gərginləşdirəcək addımlar atmaq istəyir.

Onun sözlərinə görə, Rusiya bəzi məsələlərdə yersiz olaraq Azərbaycanı Xəzər dənizində hədəfə çevirir. Ekspert bu baxımdan Rusiyanın Suriyada silahlıların mövqeyinə zərbə endirərkən Xəzər dənizində yerləşən hərbi gəmilərdən qanadlı raketlər buraxdığını yada salıb.

Həmsöhbətim diqqətə çatdırıb ki, Xəzər dənizinin adı heç vaxt Rusiya ilə paralel çəkilməyib: "Xəzər dənizi deyəndə daha çox Azərbaycan başa düşülürdü. Xəzəryanı ölkələr deyiləndə isə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan qəbul olunurdu".

Dünyada vəziyyətin olduqca kritik həddə çatdığını deyən ekspert vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp çox məsuliyyətsiz bəyanatlar verir və hərəkətlər edir: "Rusiya isə vəziyyəti sakitləşdirmək əvəzinə qıcıqlandırıcı addımlar atır. Və bu qarşıdurma heç də yaxşı sonluqla qurtarmaya bilər. Zənnimcə, ABŞ yekunda Suriya ərazisinə zərbə vurmaq qərarı verəcək".

Ü. Cəfərovun sözlərinə görə, hazırki məsələdə Suriya ikinci planda dayanır: "Burada ABŞ-la Rusiya arasında mübarizə gedir. ABŞ Rusiyanı cəzalandırmaq üçün bu cür addımlar atır. ABŞ hərbi gəmilərindən Suriya ərazisinə raketlər buraxarsa, Rusiyanın Amerika gəmilərini vurmağa cürəti çatmayacaq. Əgər bu baş verərsə, III Dünya müharibəsinə və Rusiyanın süqutunun sürətlənməsinə gətirib çıxaracaq. Rusiya Prezidenti Vladimir Putinin bu cür ağılsızlıq edəcəyini düşünmürəm. O, Amerikanın hərəkətlərindən çox ehtiyat edir, çünki Tramp kimi hoqqabaz istənilən addım ata bilər. Bu məqsədlə Putin yenidən BMT Təhlükəsizlik Şurasının təcili iclasını toplamağa çalışacaq".

Məftun Salmanov