Logo

​"Rusiyanın ABŞ-ın Suriyaya zərbələrinin qarşısını almağa ehtiyacı yoxdur"


Rusiyanın ABŞ və Avropa tərəfindən Suriya ərazisinə endiriləcək mümkün zərbələrin qarşısını almağa ehtiyacı yoxdur.

Bunu TopXeber.Az-a Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-ın Suriya ərazisinə mümkün zərbələrini şərh edərkən deyib.

Millət vəkilinin fikrincə, Rusiya Suriya ətrafında vəziyyətin daha da kəskinləşməsinə səbəb olacaq addımlar atmayacaq.

ABŞ-ın Suriyada vuracağı obyektləri artıq müəyyənləşdirdiyini deyən A. Mollazadə qeyd edib ki, zərbə endirilməsi mümkün hədəflər arasında rusiyalı hərbçilərin yerləşdiyi yerlər olmayacaq: "Bu səbəbdən Moskva adekvat addımlar atmaqdan çəkinəcək".

Həmsöhbətim hesab edir ki, ABŞ və Avropanın Suriya ərazisində mümkün əməliyyatı genişmiqyaslı xarakter daşımayacaq: "Əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbə endiriləcək. Əməliyyatda ABŞ-la yanaşı, Böyük Britaniya və Fransa da iştirak edəcəklər".

Sonda deputat gələcəkdə bilavasitə Rusiya və NATO ölkələri arasında toqquşmadan yayınmağın mümkün olacağına ümidvar olduğunu bildirib: "Ümid edirəm ki, gələcəkdə tərəflər arasında qarşıdurma yeni bir təhlükə doğurmayacaq".

Məftun Salmanov