Logo

Yerevanda Serj Sarkisyana qarşı tələbələrin kütləvi aksiyası başladı


Ermənistan prezidenti Serj Sarkisyanın hakimiyyətdə qalmaq naminə dövlət quruluşunu dəyişərək geniş səlahiyyətlərə malik baş nazir olmaq istəyi böyük etirazlarla qarşılanıb.

TopXeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 13-də Yerevan dövlət universitetinin tələbələri müddətsiz aksiyaya başlayıblar. Tələbələr qeyd edirlər ki, S.Sarkisyanın prezident olduğu dövrdə Ermənistan iqtisadi baxımdan dünyanın ən geridə qalmış ölkələrindən birinə çevrilib. Yoxsulluqdan da aşağı səviyyədə yaşayan insanlar kütləvi şəkildə ölkəni tərk edirlər. S.Sarkisyanın xarici siyasəti o qədər bərbad olub ki, bu gün Ermənistanın dünyada nəinki müttəfiqi, heç əməkdaşlıq edəcəyi bir dövlət də qalmayıb.

Vaqan Kostanyan adlı tələbə mətbuat nümayəndələrinə bildirib ki, onlar universitetin rəhbərliyinə müraciət edərək, ölkənin taleyinə biganə qalmamağı və aksiyaya qoşulmalarını təklif ediblər.

Universitetin müəllimi professor Araik Arütünyan tələbələrə qoşularaq universitetdən azadlıq meydanına kimi yürüş edib.

Tələbələr “İrəli bir addım at, Serjə yox de” şüarı ilə aksiyanı davam etdirirlər.

Polis asayişi qorusa da, hələlik aksiyaya müdaxilə etmir.