Logo

Ailə quran, məhkəmədə işləyən, Almaniyaya gedən.. 700 bal REKORDÇULARI- Kim hardadır?


Hər bir məktəblinin arzusu yüksək balla istədiyi ali təhsil ocağına qəbul olmaqdır. Xüsusən də, bu bal 700 olarsa. O, həm arzusunu reallaşdırır, həm də yaxşı mənada “dilə-dişə” düşür. Tək valideynləri onunla fəxr etmir, bitirdiyi məktəb, qohum-əqrəba, qonşu, yaxın çevrəsi ondan danışır. Təhsil Nazirliyi həmin məzunların adlarını açıqlayır, mətbuat isə həvəslə öz üzərinə düşən işi yerinə yetirir. Təhsilmizin “qartal”larının şəkilləri və açıqlamaları mətbuatın əsas xəbərləri olur. Onlar keçirdikləri sevinc hissi, edəcəkləri ixtisas seçimləri və təhsillərini harada davam etdirəcəkləri barəsində mətbuat nümayəndələrinin suallarını cavablandırırlar.

TopXəbər.Az vaxtılə yığdıqları balla ölkə rekordçularına çevrilmiş tələbələrin indi harda və nə işlə məşğul olduqlarını oyrənib. Qeyd edək ki, aldığımız məlumatlar 2013-2014-cü tədris ili üzrə qəbul imtahanlarında 700 bal toplamış tələbələrə aiddir:

III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplamış sumqayıtlı Flora Qafarova hazırda Bakı Mühəndislik Universitetində tərcüməçilik fakultəsində təhsilini davam etdirir:

 “Flora ingilis dili üzrə tərcüməçilik fakultəsində təhsil alır. Bir il əlavə olaraq, dil öyrənir. İndidən iş axtarmağa başlayıb. O, evdə oturan qız deyil. Ötən ilin sentyabrında ailə qurdu. Yoldaşıgil də fikirləşirlər ki, Flora universiteti bitirən kimi onu işə düzəltsinlər”-bunları Floranın anası deyir.

IV ixtisas qrupu üzrə 700 bal toplamış Aytən Paşazadə isə Türkiyədə oxuyur.

Aytən haqqında anası məlumat verir:  “Aytən Türkiyədə Uludağ Universitetində, tibb fakultəsində oxuyur. 4-cü kursdadır. Azərbaycanın Tibb Universitetində bir il oxudu, indi orada davam etsəydi, 5-ci kursu bitirməli idi. Hələ ki, 7-8 il Türkiyədə qalacaq. İşləməyi ilə bağlı dəqiq bir söz deyə bilmərəm, yəqin ki, Azərbaycana qayıdar”.

III ixtisas qrupu üzrə 700 bal toplamış Məhəmməd İsmayılovla əlaqə saxlamağa çalışsaq da məlumat öyrənə bilmədik. Bakıdakı 258 saylı məktəbdən bildirildi ki, onun sinif yoldaşları məktəbə gedib, gəlirlər. Ancaq Məhəmməd barəsində dəqiq məlumat yoxdur. Əlavə edək ki, o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub.

III ixtisas qrupu üzrə 700 bal toplamış Nərmin Murğuzova Tovuz rayonu, Bozalqanlı kəndindəki Y.Sadıqov adına orta məktəbi bitirib və təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirib. Əldə etdiyimiz məlumata görə, Nərmin Bakıda yaşayır, hazırda İqtisad Məhkəməsində işini davam etdirir.

IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 700 bal toplamış 98 saylı orta məktəbin məzunu Osman Müslümov Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində 3-cü kursa qədər təhsil alıb. Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova saytımıza bildirib: “Osman 3-cü kursdan etibarən, bizim universitetdən çıxıb. Təhsili ilə bağlı Almaniyaya gedib”.

Nihadə Eyyubova