Logo

İrəvanlı etirazçılar Sarkisyanın Baş nazir olmasına mane ola biləcəklərmi? – EKSPERT RƏYİ


İrəvanda baş verən etiraz aksiyaları Serj Sarkisyanın Baş nazir vəzifəsinə yiyələnməsinə mane olacaq səviyyədə deyil.

Bunu TopXeber.Az-a politoloq Elçin Mirzəbəyli son günlər İrəvanda davam edən etiraz aksiyalarının potensialını şərh edərkən deyib. Onun sözlərinə görə, proses kütləvi şəkildə deyil ki, S. Sarkisyan öz iddialarından əl çəksin.

E. Mirzəbəyli bildirib ki, Ermənistanda keçirilən aksiyanın əsas məqsədi sabah ölkə parlamentinin keçiriləcək iclasında S. Sarkisyanın Baş nazir seçilməsinə mane olmaqdan ibarətdir. O qeyd edib ki, prosesə parlamentdə 9 deputatla təmsil olunan “Yelk” (“Çıxış”) fraksiyası rəhbərlik edir: “Əsas da parlamentin deputatı Nikol Paşinyan bu proseslərdə daha fəaldır”.

N. Paşinyanın keçmiş fəaliyyətinə toxunan həmsöhbətim diqqətə çatdırıb ki, o daha əvvəl Erməni Milli Konqresində təmsil olunub: “Paşinyan 2008-ci ildə Levon Ter-Petrosyanın seçki qərargahına rəhbərlik edən şəxlərdən biridir.  Deputat ardından aksiyalarda iştirakına həbs olunub və 2 ildən sonra amnistiyaya düşüb”.

Onun sözlərinə görə, N. Paşinyanın və “Yelk”in parlamentin digər deputat və fraksiyalardan fərqi ondan ibarətdit ki, Paşinyan və onun tərəfdarları Rusiyanın Avrasiya inteqrasiyası layihəsinə qarşı açıq şəkildə çıxış edirlər və avrointeqrasiya yolunu seçdiklərini bəyan edirlər: “Bu baxımdan Sarkisyanın hakimiyyətin formasını dəyişərək yenidən hakimiyyəti yiyələnmək istəyi və Rusiyanın Qərbin son sanksiyaları fonunda zəifləməsi aksiyanın keçirilməsinin iki əsas amilini təşkil edir”.

Hadisələrin hansı istiqamətdə gedəcəyini söyləməyin olduqca çətin olduğunu vurğulayan politoloq əlavə edib ki, polisin etirazçılara açıq və sərt şəkildə müdaxiləsi hələlik nəzərə çarpmır:  “Aksiya əslində ona görə başlamışdı ki, Paşinyan və tərəfdarlarında parlamentin iclasının İrəvanda deyil, kənarda keçiriləcəyinə dair məlumat varıydı, çünki müəyyən təhlükəsizlik səbəblərindən iclasın paytaxtdan kənarda keçirilməsi istənilib. Lakin Ermənistan parlamentinin sədri iclasın İrəvanda keçiriləcəyini bildirdikdən sonra bu, aksiyaların müəyyən qədər zəifləməsinə gətirib çıxarıb”.

E. Mirzəbəylinin fikrincə,  “Yelk” fraksiyası  Ermənistanda hadisələri istiqamətləndirəcək gücdə deyil: “Maraqlıdır ki, “Yelk” fraksiyasının iki hərəkətverici partiyası aksiyalara qoşulmayıb. Fraksiya 3 partiyadan ibarətdir. “Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyan, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan və “Respublika” partiyasının başçısı Armen Sarkisyan 2016-cı ildə blok yaradıblar. Yerdə qalan iki partiyanın rəhbəri Paşinyanla birlikdə aksiyalarda iştirak etmirlər.”

Politoloq hesab edir ki, bu baxımdan hadisələrin gedişatı ilə birmənalı fikir söyləmək çox çətindir: “ Hələlik yalnız kiçik bir qrup hazırda hadisələri idarə edir. Paşinyanın əvvəllər təmsil olunduğu Erməni Milli Konqresinin baş verən hadisələrlə bağlı mövqeyi yoxdur və hələlik ciddi prosesin getdiyinin şahidi olmuruq. Ermənistanda siyasi münasibətlər o qədər kəskin həddədir ki, proseslər qarşıdurmaya qədər inkişaf edərsə, bu, vətəndaş qarşıdurmasına da gətirib çıxara bilər”.

Məftun Salmanov