Logo

İtkin düşən alpinistlərlə bağlı - ÜZÜCÜ XƏBƏR


Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib.

TopXeber.Az bildirir ki, axtarışlarda iştirak edən alpinistlər açıqlamasında bildiriblər ki, axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır: "Aprelin 15-də Xınalığa 40 santimetr qar yağıb. Bu da alpinistlərin axtarışlarını bir az da çətinləşdirib. Amma buna baxmayaraq, axtarışlar davam etdirilir. Axtarışlara könüllülər yenidən qoşulublar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, könüllülər axtarışları davam etdirir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.