Logo

Politoloq: Rusiyanın Suriyada birbaşa hərəkət edə biləcəyi müttəfiqi yoxdur


ABŞ, Fransa və Böyük Britaniyanın Suriya ərazisinə raket zərbələri endirməkdə üç məqsədi güdüb.

Bunu TopXeber.Az-a  “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Qərbin Suriya ərazisinə raket zərbələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, məqsədlərdən biri Suriya Prezidenti Bəşər Əsədi qorxutmaq olub. Ekspert bildirib ki, digər məqsəd Rusiya Prezidenti Vladimir Putinə mesaj göndərməyi nəzərdə tutub: “Üç ölkə zərbə endirməklə Putinə mesaj göndərib ki, bizim də Suriyada maraqlarımız var və sən (Putin) bunun qarşısını ala bilməzsən”.

E. Şahinoğlu üçüncü məqsədin Türkiyə ilə bağlı olduğunu diqqətə çatdırıb: “ ABŞ, Fransa və Böyük Britaniya əməliyyat keçirməklə çalışıblar ki, Suriya üzrə Rusiya-Türkiyə-İran ittifaqına zərbə endirsinlər. Türkiyənin özü həmişə Bəşər Əsədə qarşı çıxır. Kimyəvi silahdan istifadənin əleyhinə olan Ankara Əsədin cəzalandırılmasını tələb edir.  Bu baxımdan Türkiyənin mövqeyi də çətin vəziyyətə düşdü.  Bir tərəfdən Suriyada Rusiya və İranla tərəfdaş olan Türkiyə digər tərəfdən Əsədin əleyhinə olduğu üçün Qərbin Suriyaya zərbələrini dəstəkləyir”.

Həmsöhbətim diqqətə çatdırıb ki, Rusiyanın Suriya məsələsində elə də çox müttəfiqi yoxdur: “Moskva Suriya münaqişəsində Türkiyə və İranla taktiki cəhətdən əməkdaşlıq edir. Hətta Suriya ilə bağlı məsələlərdə bu üçlük arasında da müəyyən fikir ayrılıqları var. Məsələn, İsrail Hərbi Hava Qüvvələri Suriyadakı obyektləri bombalayanda Rusiya buna heç qarışmır. Moskvanın bu mövqeyi öz növbəsində İranı narahat edir”.

Politoloq əlavə edib ki, bütün bunları nəzərə alsaq, Rusiyanın vəziyyətinin ağır olduğunu görmək mümkündür: “Birincisi, Rusiya ABŞ-ın Suriyaya raket zərbələrinə cavab verə bilmir, ikincisi isə Moskvanın elə bir müttəfiqi yoxdur ki, Suriyada onunla birbaşa hərəkət edə bilsin”.  Sonda həmsöhbətim vurğulayıb ki, əgər Suriyada yenidən kimyəvi silahdan istifadə olunarsa, Qərbin bu ölkəyə raket zərbələri davam edəcək.

Məftun Salmanov