Logo

Azərbaycan üçün Ermənistanda Qərb, yoxsa Rusiyayönümlü hakimiyyətin olması daha sərfəlidir? – DEPUTATDAN ŞƏRH


Rusiya Ermənistan hakimiyyətini müdafiə etdiyi müddət ərzində ölkədə keçirilən etiraz aksiyaları lokal xarakter daşıyacaq.

Bunu TopXeber.Az-a Milli Məclisin deputatı Elman Nəsirov İrəvanda Serj Sarkisyanın Baş nazir vəzifəsinə seçilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya S. Sarkisyanı müdafiə etdiyi müddət ərzində etirazlar lokal xarakter daşıyacaq və aksiyaların S. Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaq potensialı çox aşağıdır: “Hər halda indiki reallıq ondan ibarətdir ki, Ermənistana ən güclü təsir imkanları olan ölkə Rusiyadır”.

Millət vəkili hesab edir ki, S. Sarkisyanı hakimiyyətə gətirən xarici qüvvə ondan imtina etdiyi vaxt xalqın etirazları yeni fəqrli bir keyfiyyət müstəvisində özünü göstərə bilər: “Hadisələrin gedişatı göstərir ki, hələlik Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması limiti tükənməyib. Sarkisyanı hakimiyyətə gətirən xarici qüvvə ondan imtina etməyib. Ancaq bu, istənilan zaman baş verə bilər”.

Qərbin İrəvanda keçirilən aksiyalarda əlinin olub-olmaması məsələsinə gəlincə, E. Nəsirov qeyd edib ki, Ermənistan Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması adlı sənədi imzaladıqdan sonra Avropanın bu ölkəyə müdaxilə imkanları artmaqdadır.

Həmsöhbətim “Azərbaycan üçün Ermənistanda Qərb, yoxsa Rusiyayönümlü hakimiyyətin olması daha sərfəlidir” sualına cavab olaraq bildirib ki, rəsmi Bakı bu ölkədə praqmatik hakimiyyətin olmasını arzu edir: “Həmin praqmatik hakimiyyət fərqində olmalıdır ki, Azərbaycan ərazilərini 20 ildən artıq işğalda saxlamaq Ermənistanı xoşbəxt etməyib və bu ölkə dünyanın ən kasıb və bədbəxt ölkələri sırasındadır. Belə olan vəziyyətdə nəticə ilə deyil, səbəblərlə mübarizə aparmaq lazımdır. Səbəb isə işğal faktının özüdür. Buna görə də Ermənistanda Qərb və ya Rusiyayönümlü deyil, elə bir yönümlü siyasətçi olmalıdır ki, öz ölkəsinin gələcəyini düşünsün. Bu gələcək isə işğala son qoymaqdan keçir”.

Deputat diqqətə çatdırıb ki, Ermənistan rəhbərliyinin həyata keçirdiyi işğalçılıq siyasətinin məntiqi nəticəsi olaraq bu ölkə hərbi, iqtisadi, siyasi və humanitar sahələrdə böhran yaşayır: “ Rəsmi Yerevan bu siyasətindən əl çəkmədiyi müddət ərzində Azərbaycan dövləti məqsədyönlü şəkildə Ermənistana münasibətdə təcrid siyasətini daha gücləndirəcək. Ermənistan hazırda enerji, iqtisadi, nəqliyyat sahələrində tam təcrid vəziyyətinə salınıb, heç bir regional layihədə iştirak edə bilmir. Bu amillər  Ermənistanda iqtisadi vəziyyəti daha da kəskinləşdirir. Bu da öz növbəsində ölkədə siyasi böhranın dərinləşməsi üçün şərait yaradır”.

E. Nəsirovun  sözlərinə görə, Ermənistanda Serj Sarkisyanın qondarma siyasi islahatlar keçirib öz hakimiyyətinin dövrünü uzatmaq istəyi cəmiyyətdə böyük narahatçılıqla qarşılanıb: “Sarkisyan prezident vəzifəsi ilə vidalaşsa da parlament respublikasında daha böyük səlahiyyət imkanları olan Baş nazir kürsüsünü ələ keçirmək niyyətindədir. Xalq bu rejimin əlindən bezib, çünki xalq iqtisadi fəlakətlə üz-üzə qalıb, köç etməkdədir və övladlarının gələcəyinə inanmır. Xalqın etirazlarının motivləri başa düşüləndir. Sarkisyan uzun müddət xalqını aldadırdı ki, Dağlıq Qarabağ problemi var  xərclərin böyük hissəsi ordunun gücləndirilməsinə ayrılır. Lakin aprel döyüşləri Ermənistan ordusunun acizliyini bütün dünyaya göstərdi. Buna görə də Sarkisyanın hərbi sahədə də öyünməyə əsası yoxdur”.

İrəvanda etiraz aksiyalarının bir neçə inkişaf ssenarisinin nəzərdə tutulduğunu deyən millət vəkili qeyd edib ki, variantlardın birinə əsasən, etirazlar lokal xarakter daşıyacaq, İrəvandan başqa regionlara sirayət etməyəcək: “ Daha qorxulu ssenari aksiyaların geniləşnərək bölgələri də əhatə etməsidir. Belə olan halda Ermənistanda dövlət çevrilişi ilə bağlı real vəziyyət formalaşa bilər. Ermənistanda hadisələrin istənilən inkişaf ssenarisi mümkündür, çünki bu ölkə müstəqil deyil”.

Məftun Salmanov