Logo

İctimai nəqliyyatda “yer davasına dur” deyən olacaq?- Məsələ qəlizləşir


“İndiki gənclərdə nə mədəniyyət qalıb, nə hörmət. Bizim vaxtda böyüyə hörmət var idi. İndikilərin nə vecinə.. Qulaqlarında “nauşnik”, oturublar. Dediklərimiz də qalır havada. Bu gənclik hara kimi gedəcək?”- Hər gün olmasa da, günaşırı yaşlı, orta nəslin əsasən xanım nümayəndələrinin etdikləri giley-güzarının bir nümunəsi. Gənclər isə heçnə olmamış kimi ya üzlərini pəncərəyə tərəf tuturlar, ya da başları aşağı telefonla məşğuldurlar.

Təbii ki, yer üstündə mədəni şəkildə yer davası edən xalalarla yanaşı, başqalarını təhqir edən, səsini qaldıraraq kobud ifadələr işlədənlər də az deyil. Hətta bunu mətbuatda yayılmış videolardan da aydın görmək olar.

Bir boş oturacaq nələrə qadiriymiş? Sonda hansı nəticələrə gətirib çıxararmış? Mövzunun gündəmliyini nəzərə alaraq,TopXəbər.Az məsələyə yenidən toxunub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyir ki, sözügedən məsələ qanunvericiliklə tənzimlənmir: 

Qanunvericilikdə, yaxud da ki, hər hansı hüquqi sənədlərdə belə bir tələb yoxdur ki, yaşından asılı olaraq kiməsə yer verilməlidir. BNA olaraq, hər zaman sərnişinlərimizin ictimai nəqliyyatda etik davranış qaydalarını, sürücü sərnişin münasibətlərinin qorunması ilə bağlı mütəmadi olaraq, müxtəlif maarifləndirici aksiyalar həyata keçiririk. Kitabçalar hazırlamışıq, həmin kitabçalar şagirdlərə paylanılır. Orada müraciət auditoriyamız məktəblilərdir. Amma o kitabçadan biz də  yararlana bilərik. Müxtəlif tədbirlərdə bu kitabçalar pulsuz olaraq hər kəsə paylanılır. Orada tövsiyə olunur ki, yaşlı insanlara yer verin, avtobusda gedərkən yüksək səslə musiqiyə qulaq asmayın və s”.

Sosioloq Cavid İmamoğlu  hesab edir ki, problemin kökündə marşrut qıtlığı dayanır: “Belə bir vəziyyətin yaranmasının ən birinci səbəbi budur ki, ictimai nəqliyyatdaşımanı həyata keçirən şirkətlər xəttə kifayət qədər marşrut buraxmırlar. Bu da öz-özlüyündə qıtlığa gətirib çıxarır. Əgər biz 30 il əvvəlki dövrü indiki dövrlə müqayisə etsək, deyə bilərik ki, belə problemlər olmurdu. Çünki marşrut sayı əhali sıxlığına nisbətən düzgün verilmişdir. Amma son illər Bakı şəhərində sıxlaşma, insan axınının Bakı şəhəri ətrafında formalaşması ictimai nəqliyyatda böhran yaranmasına səbəb olub. Nəticədə nəqliyyat daxilində insanların bir-birinə münasibəti məsələsi ortalığa çıxıb. Məsələn ,bu problemin olmadığı bir nəqliyyat vasitəsini nümunə seçə bilərəm : Bakıdan Sumqayıta hərəkət edən qatar. Hansı ki, səliqəli, nizamlı qatardır. Bu qatarlarda belə bir problem yoxdur. Biz istəsək ki, problemi insanımıza bağlayaq. O zaman haqsızlıq etmişik olarıq. Çünki həmin insan o qatarda eyni problemi yaşamır.Yer, şərait var. Bəzən marşrutlarda xüsusən, pik saatlarda bir yerə 10 namizəd olur. Onlardan biri hamilə, yaşlı, uşaqlı, mədəniyyətli, biri mədəniyyətsiz ola bilər. Nəticə etibarı ilə bu cür davalar qaçılmazdır”.

Sosioloq qeyd edir ki, sosial məsuliyyət anlayışında geriləmələr var: "Bunu mənəvi geriləmə də hesab edə bilərik. Çünki yaşlı insanlar, hamilələr,əlillər, uşaqlara üstünlük vermək özü bir məsuliyyətdir. Amma bu şəxslər də başa düşməlidirlər ki, bəzən olur ki, insan halsız, yorğun olur, ona görə oturmağı labuddür. Qarşılıqlı məsuliyyət olmalıdır. Hər iki tərəf bir-birini başa düşməlidir. Məsələn, adam desin ki, mən xəstəyəm, özümü yaxşı hiss etmirəm, ayağa qalxa bilmərəm.  Amma  ümumi müşahidələr bunu göstərir ki, ictimai nəqliyyatda üstünlük verilən şəxslərə hörmət azalıb. Yəni, cavan nəsil qocaya yer verməyi ona nə kimi fayda verəcəyini başa düşmür. O elə bilir ki, nə qədər tez gedib otursa “qabağa” düşəcək. Bu “qabağa düşmək” psixologiyası ilə yaşlılara hörmətsizlik etməyə başlayırlar”-deyə C. İmamoğlu bildirib.

 Nihadə Eyyubova