Logo

İKİNCİ YER KÜRƏSİ AXTARIŞINDA


Kino tarixinin rasizm haqda çəkilmiş ən parlaq filmlərindən birində — “Azad olunmuş Canqo”da kiçik bir səhnə var. Qventin Tarantino murdar yaramazlardan ibarət qrupun bir şəkli gözdən keçirdiklərini göstərir. Diqqətlə baxanda şəkildə Parfenonu görürük. Tarantino seyrçisini bu möhtəşəm antik memarlıq əsərinin qullar tərəfindən inşa edildiyinə diqqət çəkir…

* * *

Fərqli düşüncə tərzi olan bir dostum var, hər dəfə yeni məqaləyə başladığımı hiss edib “Bu dəfəki mövzu nədir?” deyə soruşur. Onunla dialoqumuz maraqlı olur – həm hər şeylə maraqlanandır, həm də açıq zehni var. Bir neçə gün əvvəl ona TESS teleskopundan yazdığımı dedim. Aramızda belə bir dialoq oldu:

— Yeni Dünyaların var olduğuna inanırsan ki?
— Təbii ki inanıram, — həvəslə cavab verirəm. – Hətta əminəm.
— Səncə o Dünyalar bizdən geridədirlər?
— Məncə çox qabaqdadırlar, min illərlə qabaqda, — təxminimi dilə gətirirəm.
— Onda biz özümüzə tələ axtarırıq demək ki.
— Əslində buna sən və mən tələ deyirik. Mühəndislər, alimlər üçün isə bu insan oğlunun öyrənmə ehtirası, yeniləri kəsf etmə, təbiəti dəyişdirmə instinktləridir, — dostuma cavab verirəm.
— Elmdə hər ilkə yalnız bir dəfə imza atmaq olur, — deyərək söhbətimizə nöqtə qoyur.

NASA yeni bir ilkə imza atmaq ərəfəsindədir. Dünya və pozitiv elm səbrsizliklə NASA-nın TESS (Transiting Exoplanet Survey Satellite) teleskopunun kosmosa buraxılacağı günü gözləyir. Nəhayət ki, SpaceX şirkəti özünün Falcon9 raketilə “Kepler”in daha güclü və modern analoqunu kosmosa göndərməyə hazırdır. TESS ekzoplanetləri axtarıb, onları müşahidə edəcək və insan oğlunun gələcəyi üçün yeni qapılar aralayacaq…

Ekzoplanetlər Günəş sisteminin xaricindəki planetlərdir. Yüzilliklər boyu astronomlar Günəş sistemi xaricində də planetlərin olduğunu fərz ediblər. 2011-ci ildən isə elm bu fərziyyələri bir-bir isbatlamağa başladı: NASA kosmosa “Kepler” teleskopunu göndərəndən sonra 1200-dən çox ekzoplanet kəşf edildi. Onların bir çoxu ölçülərinə görə nəhəngdirlər, bəziləri buz və qayalıqlardan ibarətdir. Kəşf edilənlərdən ancaq 54 ekzoplanet “Məskunlaşmağa uyğun mühit” kateqoriyasına aiddir. Yəni insanın yaşaması üçün tələb olunan mühit bu planetlərdə mövcuddur – onlar Yer kürəsi kimi bir ulduz ətrafında dönür, okeanlara sahibdirlər və s. Başqa sözlə, həyatın olması üçün əsas vacib şərtlər var.

Kaliforniyadakı Eyms Araşdırma Mərkəzinin (Ames Research Center) hesablamalarına görə bizim Qalaktikada 50 milyarda (!) yaxın planet var ki, onlardan 500 milyonu “məskunlaşmağa uyğun mühit”ə sahibdirlər. Yəni Qalaktikamızdakı yarım milyarda yaxın planetdə yaşamaq mümkündür . Məhz elə buna görə də ekzoplanetlərin kəşfi və öyrənilməsi elm üçün olduqca vacibdir. Yer kürəsinə bənzər bir planetin kəşfi və ya həyat cücərtilərinin tapılması bəşəriyyətə yeni perspektivlər açar. Getdikcə xaosa sürüklənən Dünyanın buna çox böyük ehtiyacı var.

“Kepler” teleskopu yeni Dünyaları xeyli uzaqlarda – Yer kürəsindən on minlərlə işıq ili
məsafəsində axtarırdı (bir işıq ili 10 min milyard km-ə bərabərdir). “Planet ovçusu” da adlandırılan TESS isə nisbətən yaxınlarda — yüzlərlə işıq ili məsafəsində çıxacaq “ova”. Alimləri əsasən Yer kürəsinə bənzəyən planetlər maraqlandırır. Teleskopu hazırlayanlar belə təxmin edirlər ki, iki il içində 200 000 ulduz müşahidə ediləcək və bu da minlərlə yeni Dünyaların kəşfinə yol açacaq.

2019-cu ildə isə TESS-in köməyinə Ceyms Uebb (James Webb) teleskopu yetişəcək. Bu teleskop üçün ABŞ Konqresi astronomik büdcə ayırıb – 8.7 milyard dollar. “Astronomlara astronomik büdcə” deyə dövləti tənqid edənlərə alimlər Ceyms Uebbin bəşəriyyətə müstəsna xidmətlər edəcəyini deyirlər. “Amerikanı Amerika yapan” şeylərdən biri də onun elmə ayırdığı böyük pullardır. Dövlət insan oğlunun gələcəyi üçün belə ağır xərclərdən çəkinmir, uzaq Dünyalarda həyat izlərini aramağa davam edir.

* * *

Bu yazdıqlarımın “Azad olunmuş Canqo” filmi və Panteonla nə əlaqəsi var? Kventin Tarantino sadəcə Panteonun deyil, Qərbin bünövrəsinin qullar tərəfindən qoyulduğunu xatırladaraq onun əzəmət və təntənəsinin qul əməyinin məhsulu olduğunu vurğulayır. Tarixdə salınmış bir çox bənzərsiz şəhərlər, nadir memarlıq abidələri, cazdan tutmuş baletə qədər sənət nümunələri və b. quldarlıq və təhkimçilik hüququ sayəsində yaranıb. XIX əsrdən başlayaraq quldarlıq və təhkimçilik hüququ bütün dünyada ləğv olundu. Sənaye inqilabları ilə qul əməyini texniki tərəqqinin yenilikləri – tozsoran və paltaryuyan maşınlardan üzü bəri həyatı asanlaşdıran yüzlərlə aparat və avadanlıqlar tutmağa başladı. Yaşadığımız əsrdə isə 4-cü və qismən içində olduğumuz 5-ci Sənaye inqilabları insan həyatını fərqli bir müstəviyə daşıyırlar. Yer kürəsi görünməz bir cizgi ilə iki əks qütbə ayrılır – bolluq, rifah, misilsiz imkanlar içində yaşayan azlıq və onlara xidmət edən çoxluq.

Məqaləmi bitirərkən eksentrik Çili rejissoru Alehandro Hodorovskinin “Qəfəsdə doğulan quşlar uçmağı xəstəlik sanırlar” sözlərini xatırladım. Və fikirləşdim ki, ətrafımızdakı minlərlə, hətta milyonlarla insanın o qəfəsdə doğulan quşlardan heç bir fərqi yoxdur. Bunu düşünə bilirsinizmi, bu dəhşəti hiss edirsizmi? Kütləvi savadsızlıq, cahillik, mənəvi boşluq, cahillik bizi hansı fəlakətə sürükləyir? Bizi bu təhsil və bu savadla TESS teleskopunun axtardığı Yeni Dünyaların heç həndəvərinə də buraxmayacaqlar.

Tək-tək hamımız yazığıq, birlikdə isə — YOX.

TopXeber.Az (ayna.az)