Logo

Deputat: İrəvandakı etiraz aksiyaları erməni elitası tərəfindən planlaşdırılmış oyundur


Ermənistanda baş verən etiraz aksiyaları erməni elitasının özü tərəfindən planlaşdırılmış prosesdir. 

Bunu TopXeber.Az-a Milli Məclisin deputatı Sahib Alıyev İrəvanda Serj Sarkisyanın Baş nazir olmasına qarşı keçirilən etiraz aksiyalarının arxasında kimin dayanmasını şərh edərkən deyib. 

Paşinyan sərbəst oyunçu deyil

Onun sözlərinə görə, etirazlara başçılıq edən müxalif millət vəkili Nikol Paşinyan bu prosesdə sərbəst və səmimi oyunçu deyil: “Paşinyanın kiminsə tapşırığı ilə insanları küçəyə çıxardığını konkret olaraq deyə bilmirəm və bunun üçün fakt lazımdır. Ancaq Paşinyanın bu addımının arxasında heç də Serj Sarkisyanın yolunu kəsmək, yaxud da özünün dediyi kimi ölkədə inqilab etmək niyyəti yoxdur və olmayıb”.

Millət vəkili fikrini onunla əsaslandırıb ki, N .Paşinyan doğrudan da S. Sarkisyanın hakimiyyətə gəlməsinin bu cür qarşısını almaq istəsəydi, buna bənzər aksiyaları ötən ilin aprelində, yəni parlament seçkiləri keçiriləndə edərdi: “Ötən il aprelində Ermənistanda parlament seçkiləri keçiriləndə aydınıydı ki, bütün bu ssneri nə üçündür, yəni bilinirdi ki, bu, Sarkisyanın öz hakimiyyətini başqa şəkildə (Baş nazir qismində) davam etdirməsinə yönəlib. Reallıq budur. Fikrimcə, hazırda Ermənistanda baş verən proses planlaşdırılmış prosesdir. Erməni elitasının özü tərəfindən planlaşdırılmış prosesdir”. 

Putinin zəngi təbrik deyildi

S. Alıyev bildirib: “Onlar çox gözəl bilirlər ki, Ermənistanda bu cür hərəkətlərlə  Sarkisyanın yolunu kəsə bilməyəcəklər. Ümumiyyətlə Ermənistanda küçəyə çıxanlar və ya digərləri ölkədə kimin “general qubernator” olacağını müəyyənləşdirmir, bunu birmənalı şəkildə Moskva müəyyən edir. Sarkisyan parlament tərəfindən Baş nazir vəzifəsində təsdiq edilən kimi ilk təbrik Rusiya Prezidenti Vladimir Putindən gəldi. Əslində bu, təbrik deyildi. Bu, Sarkisyanın baş nazirliyinin təsdiq edilməsiydi . Bu o demək idi ki, artıq küçədəki aksiyalara son verməyin vaxtı gəlib çatıb”.

Sarkisyan aksiyalar sayəsində demokrat görünmək istəyir

Deputat hesab edir ki, İrəvanda keçirilən etiraz aksiyaları həm də S. Sarkisyana əl verir: “O, xalq arasında özünə qarşı yığılmış narazılıq enerjisini buraxmaq baxımından aksiyalardan öz məqsədi üçün istifadə edir. Bundan başqa, Sarkisyan Qərbin gözündə demokrat kimi görünmək istəyir. O, göstərməyə çalışır ki, ölkədə ümidvar insanlar küçələrə çıxır, etirazlarını bildirmək imkanı əldə edirlər və demokratik mühit var”.

S. Alıyev etiraz aksiyaların bütövlükdə erməni elitası üçün lazım olduğunu da diqqətə çatdırıb: “Elita guya bu xalqın öz maraqlarını qorumağa qadir olduğunu və bu topluma kənar iradəni sıramağın mümkünsüzlüyün göstərmık istəyir. Əslində isə o xalqın vəziyyəti çox acınacaqlı və çox gülməlidir. Çünki Azərbaycandan fərqli olaraq orada hakimiyyəti yerli xalq formalaşdırmır və bu, hər kəsə bəllidir. Əgər erməni xalqı Ermənistanda hakimiyyəti formalaşdırsaydı, o zaman Moskvadan “Qazprom” şirkətinin əməkdaşlarından biri olan Karen Karapetyan bu ölkəyə Baş nazir kimi göndərilməzdi.  Bu reallığı həm Ermənistanın özündə, həm də regionda da yaxşı bilirlər”.

Paşinyan niyə zorakı deyil,  qeyri-zorakı inqilab elan etdi?

N.Paşinyanın qeyri-zorakı məxməri inqilab elan etməsinə gəlincə, həmsöhbətim deyib ki, N. Paşinyan gücə əl atsaydı, 2008-ci ildəki vəziyyət təkrarlanacaqdı: “Sarkisyan hakimiyyətə gələrkən, ilk dəfə Prezident seçilərkən etiraz aksiyalarında 35 nəfər öldürülmüşdü, indi də eyni vəziyyət təkrarlana bilər. Çünki bu adam hakimiyyətə insan cəsədləri üzərində gəlib. Bu adamın bioqrafiyası, o cümlədən azərbaycanlı qadın, uşaq və günahsız körpələrin qanı ilə doludur. Belə bir adama qarşı güc tətbiqinin nəyə aparıb çıxaracağını Paşinyanın özü çox gözəl bilir. Bu adamın arxasında hansı qüvvələrin durduğu da bəllidir. Sarkisyan hətta öz güc strukturlarını səfərbər edib küçəyə çıxartmasa belə, Ermənistanın küçələrində sakitlik yaradacaq başqa qüvvələr var və onlar çıxacaqlar. Həmin qüvvələr hərbi bazadadırlar ( Rusiyanın hərbi bazası)”.

Məftun Salmanov