Logo

Donald Tramp və Şinzo Abe Şimali Koreyaya qarşı təzyiqləri davam etdirmək barədə razılığa gəliblər


Donald Tramp və Şinzo Abe Şimali Koreyaya qarşı maksimum təzyiqləri bu ölkə nüvə proqramını ləğv etmək üçün konkret addımlar atmayanadək davam etdirmək barədə razılığa gəliblər. İki ölkənin liderləri, həmçinin ticarət və investisiyalarla bağlı müzakirələri davam etdirmək üçün yeni çərçivə hazırlanması barədə də razılıq əldə ediblər.

TopXeber.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp və Abe ABŞ Prezidentinin Floridadakı iqamətgahında iki gün davam edən danışıqlardan sonra mətbuat konfransı keçiriblər. Yaponiyanın Baş naziri deyib ki, Prezident Trampın ilk ABŞ-Şimali Koreya sammitinin təşkili barədə qərarından sonra Şimali Koreya ətrafında vəziyyət tarixi dönüş mərhələsini yaşayır.

Donald Tramp isə bəyan edib ki, gələn həftə o, Şimali Koreya lideri Kim Çen In ilə bu ölkənin nüvə proqramının ləğvi məqsədilə müzakirələr aparacaq. O, ümid etdiyini bildirib ki, görüş uğurlu alınacaq.

Ş.Abe qeyd edib ki, ABŞ Prezidenti ilə məsələ ilə bağlı müxtəlif ssenarilərin detallarını müzakirə edərək, Şimali Koreyaya münasibətdə siyasətlərini daha sıx əlaqələndirmək barədə razılığa gəliblər.

Baş nazir əlavə edib ki, Şimali Koreyanı dialoqa razı olduğuna görə mükafatlandırmaq olmaz. Ş.Abenin bildirdiyinə görə, o və D.Tramp bu ölkə nüvə proqramını ləğv etmək üçün konkret addımlar atmayanadək maksimum təzyiqləri davam etdirmək barədə razılıq əldə ediblər. Yaponiya və ABŞ Şimali Koreya tərəfindən oğurlanmış yapon vətəndaşlarının vətənlərinə qayıtması üçün sıx əməkdaşlığı davam etdirəcəklər.

D.Tramp əlavə edib ki, Yaponiyaya səfəri zamanı o, oğurlanmış yapon vətəndaşlarının bu gün də ağır iztirablar çəkən ailə üzvləri ilə görüşüb. ABŞ Prezidenti bəyan edib ki, oğurlanmış insanların Yaponiyaya qaytarılması üçün lazım olan bütün addımları atacaq.

İki ölkə arasında iqtisadi əlaqələrə toxunan Ş.Abe bildirib ki, bu dövlətlər arasında ticarət və investisiyalar hər iki tərəf üçün faydalı şəkildə inkişaf etdiriləcək. O deyib ki, tərəflər Hind-Sakit okeanı regionunun iqtisadi inkişafına təkan verəcək azad, ədalətli və qarşılıqlı ticarətin tərəqqisi məqsədilə danışıqlara başlamaq barədə də razılıq əldə ediblər.

Baş nazir əlavə edib ki, bu məqsədlə Yaponiyanın iqtisadiyyatın dirçəldilməsi naziri Toşimitsu Moçeqi və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer danışıqları yeni çərçivədə davam etdirəcəklər.