Logo

Dönəri əjdaha, avtoş, çolpanı xalaoğlu edənlər- Uğursuz ADLAR


Kim, ya da nə üçünsə ad seçmək ən çətin işlərdən hesab olunur. Çünki insan düşüncələri müxtəlifdir, yanaşmalar fərqlidir. Sənin seçdiyin ad kiminsə xoşuna gəlirsə, mütləqdir ki, başqa birisi o adı bəyənməsin. Adda səhv olmadığı təqdirdə, məsələ zövqə bağlıdırsa, təbii ki bu hal normaldır. Amma müşahidələrimdən qeyd edə bilərəm ki, normallığı pozan “anormal”lar da çoxdur. Nəticədə gülünc adlar ortaya çıxır: “Əjdaha dönər”, “Həcinin gülləri” gül salonu, “ Avtoş dönər” “Xalaoğlu çolpaları” ..siyahını davam etdirmək olar. Bu cür adlara göz yummaq müşkül məsələdir . Qəribədir ki, həmin adlar ilk görünüşdən , oxunuşdan yaddaşa həkk olunur.

TopXəbər.Az iaşə obyektlərinə verilən qeyri-adi adlar mövzusuna toxunub. Təbii ki burada yaxşı mənada qeyri-adilikdən söhbət getmir. Savadsızlığa işarə olunan, təəccüb doğuran adlar.

Ədliyyə Nazirliyinə müraciət etmişik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dosent Nəzakət Qazıyeva bildirib ki, sözügedən məsələ ilə bağlı monitorinqlər aparılır:

“Küçə adları, küçə reklamları eyni zamanda mağaza, şadlıq evlərinə verilən adların hamısını monitorinqə cəlb edirik. Sizin dediyiniz bu faktlar da monitorinqmizdə qarşımıza çıxıb. Hətta əlimizdə kifayət qədər fotofaktlar var. Bilirik ki, o adlar standarta uyğun deyil, dil normalarına leksik və prakmatik baxımdan uyğun gələn təbliğat forması deyil. Bunu dəfələrlə müzakirə etmişik. Bu halların qarşısını almaq üçün kimə müraciət edə bilərik? O müəssisələrin bəziləri özəldir, onlara seçim sərbəstliyi verilir. Ona görə də biz onlarla konkret işləyə bilmirik. Dövlət müəssisələri ilə  işləmək bizim üçün çox rahatdır. Müraciət olunan kimi razılığa gəlirik və mütləq fikrimiz nəzərə alınır. Biz bu məsələlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişik. Güman ki, qarşılıqlı müqavilə olarsa, onlarla birgə işləyə bilərdik. Təəssüf ki, Ədliyyə Nazirliyi ilə müqaviləmiz yoxdur. Biz əməkdaşlıq etməklə bağlı onlara məktub göndərmişik, amma cavab məktubu gəlməyib.

Dövlət Əmlak Komitəsi ilə müqaviləmiz var. Biz baxdıqdan sonra küçələrə ad verilir”

Şöbə nümayəndəsinin sözlərinə görə, küçə reklamları və müəssisə adları ilə bağlı monitorinqlər mütəmadi aparılır : “Noyabr-dekabr aylarında  yeni monitorinqlərimiz baş tutacaq”.

Bakı Şəhər İcra Hakimiyyəti birbaşa məsuliyyət daşıyır

Məsələyə münasibət bildirən millət vəklili , dilçi alim Nizami Cəfərov qeyd edib ki, sözügedən məsələ tez bir zamanda olmasa da yavaş-yavaş həllini tapacaq:

“Bu cür adlarla yanaşı, həm qərb, həm şərq mənşəli klassik adlar da var. Hər halda onların fonunda belə adların olması təəssüf doğurur. Bu halların qarşısını dərhal almağa ehtiyac yoxdur. Çünki bu cəmiyyətdir, advermənin də özünün praktikası var. Tədricən bu problemlər aradan qalxacaq. Bəzən görürsən ki, həddindən artıq bayağı adlar olur. Xeyli dərəcədə vulqar görünən təqdimatlar olur”.

N. Cəfərov deyib ki, ad seçimində dükan sahibləri ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyətli olmalıdırlar : “Şəhərin görkəmi var. Böyük mağaza və dükanlarda bayağı adlar yoxdur. Onlar çalışırlar ki, fundamental düzgün yazılmış adlar seçsinlər : “Qıraq- bucaqda, hətta bəzən mərkəzdə, xüsusilə metro çıxışlarında bayağı adlarla müşahidə olunan mağazalar var. Dünyanın ən inkişaf etmiş şəhərləri, məsələn İstanbul, Paris kimi şəhərlərdə də belə adlar görmüşəm. Amma bu məsələləri tez-tez vurğulamaq lazımdır. Şəhərimizin ümumi görünüşü şərait yaradır ki, estetiklik mütləq gözlənilsin”.

Nihadə Eyyubova