Logo

Ərdoğan Bahçelinin seçkilərin 26 avqustda keçirilmə təklifini niyə qəbul etmədi? – EKSPERT AÇIQLADI


Türkiyənin növbədənkənar parlament və prezident seçkilərinə getməsinin əsas səbəbi ölkədəki iqtisadi vəziyyətlə bağlıdır.

Bunu TopXeber.Az-a  “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci il iyunun 24-də növbədənkənar parlament və prezident seçkilərinin keçirilmə qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyənin iqtisadi vəziyyəti bir qədər ağırlaşıb, habelə ölkədə müəyyən inflyasiya da var: “Bu səbəbdən Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli və Prezident Ərdoğan düşünüblər ki, seçkilər gələn il keçirilsə, seçicilərin səslərinin bir qismini itirə bilərlər”. 

E. Şahinoğlu hesab edir ki, iki lider hazırda xüsusilə R. T. Ərdoğanın reytinqinin yüksək olmasından və Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatların hakim Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqini yüksəltməsindən istifadə edərək seçkiləri erkənə salıblar.

Bununla belə, siyasi ekspert R. T. Ərdoğanın növbədənkənar seçkilərin keçirilməsini əsaslandırarkən söylədiyi amillərdə də həqiqətin olduğunu bildirib: “Suriya və İraqda çox ciddi proseslər cərəyan edir. Türkiyənin bu iki ölkədə fəallığı müşahidə olunur. Növbəti bir ildə qeyri-müəyyən vəziyyətin davam etməməsi üçün erkən prezident seçkiləri keçirib fəaliyyəti davam etdirmək lazımdır”.

Həmsöhbətim qeyd edib ki, bu il keçiriləcək seçkilər yeniliklərlə yadda qalacaq: “Türkiyədə ilk dəfə olaraq parlament və prezident seçkiləri eyni gündə keçiriləcək. Konstitusiyaya edilən dəyişikliklərə əsasən Prezidentin səlahiyyətləri artırılıb. Ölkəyə səlahiyyətləri artırılmış Prezident başçılıq edəcək. Digər yenilik ondan ibarətdir ki, seçkilər Türkiyə ərazisində fövqəladə vəziyyət rejimi şəraitində keçiriləcək. Mən özüm Ankaradan yenicə qayıtmışam və deyə bilərəm ki, fövqəladə vəziyyət rejimi hiss olunmur. Amma fakt ondan ibarətdir ki, 2016-cı dövlət çevrilişinə cəhddən sonra ölkədə tətbiq olunmuş fövqəladə vəziyyət rejimi hökm sürür”.

Politoloqun sözlərinə görə, qarşıdakı parlament seçkilərində AKP-nin toplayacağı səslərin azalma ehtimalı var: “Yeni partiyalar ortaya çıxıb, onlar parlamentdə daha çox səs qazanmağa çalışacaqlar”.

E. Şahinoğlu D. Bahçeli və R. T. Ərdoğanın növbədənkənar seçkilərin keçirilmə tarixi ilə bağlı fərqli mövqedən çıxış etmələrini normal hesab etdiyini vurğulayıb: “Əgər Ərdoğan Bahçelinin erkən seçkilərin 26 avqustda keçirilmə təklifi ilə razılaşsaydı, belə çıxardı ki, Bahçelinin təzyiqi altındadır və onun nə dediyini etməlidir. Halbuki parlamentdə MHP-nin səsləri AKP səslərindən bir neçə dəfə azdır. Ərdoğan Bahçelinin tam dediyi kimi olmasın deyə növbədənkənar seçkiləri daha tez tarixə çəkdi”.

Məftun Salmanov