Logo

Lirə, rubl və tümənin ucuzlaşması nəticəsində türk, rus və iranlı Azərbaycandan üz döndərə bilərmi?


Rusiya, Türkiyə və İranda bir müddət əvvəl demək olar eyni zamanda dollar və avronun məzənnəsinin yerli valyutalara nisbətdə nəzərəçarpacaq dərəcədə bahalaşması müşahidə olundu. Lakin bir neçə gündən sonra hər üç ölkədə rubl, lirə və tümən itirdikləri dəyəri yenidən qazanmağa başlayıb. Qonşu ölkələrimizdə dollar və avronun məzənnəsi yenidən kəskin bahalaşarsa və bu, davamlı hal alarsa, həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayında ciddi azalma ola bilərmi? Nəzərə almaq lazımdır ki, qarşıdan turizm mövsümü gəlir və  hər üç ölkə Azərbaycana gələn xarici turistlərin ümumi kontingentində qabaqcıl yerlər tuturlar.

Məsələ ilə bağlıTopXeber.Az-a münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov ümumən mənfi təsir göstərməsinin mümkün olduğu qənaətindədir. Bununla belə, o, hər üç ölkədən Azərbaycana gələcək turistlərin sayında ciddi azalma gözləmədiyini qeyd edib.  Ə. Həsənov diqqətə çatdırıb ki, Türkiyə, İran və Rusiya vətəndaşları üçün Azərbaycan turizm ölkələri siyahısında olmayıb: “ Onlar daha çox başqa ölkələrə getməyə üstünlük verirlər. Və nisbətən daha ucuz ölkə kimi Azərbaycana gəlirlər. Ruslar daha çox Türkiyəyə gedir. Xidmət sahəsində Türkiyə ilə Azərbaycanı müqayisə etmək olmaz. Əlbəttə ki, Türkkiyə bizdən xeyli qabaqdadır. Bu baxımdan Gürcüstana turist kimi gedən iranlıların sayı da ölkəmizə gələn iranlılarla müqayisə daha çoxdur”. 

İqtisadçı ekspert İran və Türkiyə turistlərinin Azərbaycanı seçməsi faktorları arasında müəyyən qardaşlıq münasibətləri olduğunu da bildirib: “İrandan bura daha çox elə bizim azərbaycanlılar gəlirlər. Farslar çox gəlmirlər. Türkiyə ilə də vəziyyət demək olar eynidir. Ruslar isə özlərini Azərbaycanda uzaq xaricdəki kimi hiss etmirlər. Rus dili baxımından problem yaşamırlar”.

Həmsöhbətim üç ölkədə dolların məzənnəsinin bahalaşacağı təqdirdə, Avropaya gedən rus, türk və iranlı turistlərin istirahət istiqamətlərini Azərbaycana tərəf yönəltmə imkanlarını dəyərləndirərkən deyib ki, onlar bu halda da Azərbaycana üz tutmayacaqlar:  “Ruslar yenə də Türkiyə istiqamətini seçəcəklər. Uzunmüddətli istirahət üçün Türkiyəyə getmək qiymət baxımından Azərbaycana nisbətdə ucuz başa gəlir. Ümumiyyətlə bu ölkələrin vətəndaşlarının seçdikləri turizm istiqamətləri arasında Azərbaycan elə də böyük yer tutmur. Bu baxımdan həmin ölkələrdən gələcək turistlərin sayında ciddi azalma gözləmirəm. O cümlədən artım da gözləməyə dəyməz. Çünki Azərbaycana gələn xarici turistlərlə söhbət etdiyim zaman onların çox narazı qaldıqlarını görürəm. Mehmanxana xidmətlərindən çox narazıdırlar. Necə deyərlər bura gələn bir də gəlmir. Üstəlik narazı qalan turistlər öz ölkələrinə qayıtdıqdan sonra bu barədə ətrafına danışdığını da nəzərə almaq lazımdır”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev diqqətə çatdırıb ki, Türkiyə, İran və Rusiya təkcə Azərbaycanın coğrafi qonşuları deyil, həm də əsas ticarət tərəfdaşlarıdır: “ Bizim bu ölkələrdən idxalımız 15-17 faiz arasında dəyişir. Qeyri-neft ixracımızda isə Rusiya əsas yer tutur.  Bu baxımdam həmin ölkələrdə yerli valyutaların ucuzlaşması Azərbaycan iqtisadiyyatına neqativ təsir göstərməlidir.  Qeyri-rəsmi statistik məlumata əsasən, Rusiyada iki milyona yaxın soydaşımız var. Onlar Azərbaycana hər il 1-2 milyard dollar pul göndərir. Rus rublunun ucuzlaşması həmin vəsaitlərin azalmasına gətirib çıxaracaq. Eyni vəziyyət Türkiyədə işləyən azərbaycanlılar üçün də keçərlidir”.

S. Əliyevin sözlərinə görə, bu üç ölkədə milli valyutaların ucuzlaşmasının Azərbaycan üçün həm mənfi, həm də müsbət tərəfləri var: “Mənfi təsir bizim qeyri-neft ixracatımızda özünü göstərəcək. Bu, xüsusilə Rusiyaya meyvə və tərəvəz ixracımıza aiddir. Belə ki, bizim məhsulların orada qiymət baxımından rəqabət aparmaq imkan çətinləşir. Digər mənfi tərəf Azərbaycana gələn turistlərlə bağlıdır. Həmin ölkələrdə milli valyutaların ucuzlaşması manatın möhkəmlənməsinə gətirib çıxarır. Nəticədə onların turistlərinin Azərbaycanda alıcılıq qabiliyyəti azalır. Azərbaycana turistlər daha çox manatın devalvasiyasından sonra gəlməyə başlayıb. Əgər dollar 78 qəpik olsaydı bu qədər turisti ölkəmizdə görə bilməzdik, onların sayı bundan daha az olardı”.

İqtisadçı ekspert müsbət tərəf  qismində isə həmin ölkələrdən gələn malların qiymətində bahalaşma olmadığını və müəyyən qədər ucuzlaşma ola biləcəyini göstərib: “Bu, bazara təsir etməsə də, bu işlə məşğul olanların gəlirlərinə müsbət təsir göstərir. Digər tərəfdən Rusiya və Türkiyədə təhsil alan tələbələr təhsil haqlarını yerli pulla ödədiklərinə görə manat qarşılığında xərcləri azalır və eyni zamanda oradakı tələbələrə evlərindən göndərilən pullar sayəsində onların alıcılıq qabiliyyəti yüksəlir”.

Xatırladaq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayının 2 691 998 nəfər təşkil etdiyini açıqlayıb. Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri,  62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Məftun Salmanov