Logo

Novruz Məmmədov Qarabağ danışıqlarında Sarkisyanla təkbətək görüşlərdə iştirak edə bilərmi?


Azərbaycan Respublikasının Konstitusiyası Baş nazirin, indiki halda Novruz Məmmədovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə qarşı tərəflə təkbətək danışıqlarda iştirakına imkan vermir.

Bunu TopXeber.Az-a politoliq Qabil Hüseynli N. Məmmədovun Dağlıq Qarabağ münaqişəsi ətrafında keçirilən danışıqlarda Ermənistan rəhbərliyi ilə təkbətək görüşlərdə iştirakının mümkünlüyü barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Q. Hüseynli bildirib ki, Azərbaycan Konstitusiyasına əsasən, ölkədə icra hakimiyyətinin başçısı Prezidentdir:  “Həmçinin Ali Baş komandan da Prezidentdir. Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları həmişə Prezident aparıb və bundan sonra da o aparacaq”.

Politoloq qeyd edib ki, Azərbaycanda Baş nazir isə icra aparatının yalnız bir qolunda iştirak edir,  amma o, qolun başçısı deyil.

Onun sözlərinə görə, Ermənistanın yeni Prezidenti Armen Sarkisyanın Qarabağ danışıqlara qatılması gözlənilməz olardı: “Çünki ona bu səlahiyyəti indiki Baş nazir Serj Sarkisyan verə bilər. Belə ki, Ermənistan Konstitusiyasına əsasən,  Ali Baş komandan, Təhlükəsizlik Şurasının sədri Baş nazirdir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi kontekstində danışıqları Serj Sarkisyan aparmalıdır. Baş nazirin səlahiyyətləri Prezidentin səlahiyyətlərindən üstündür, bundan başqa icra hakimiyyətinin başçısı da məhz Baş nazirdir”.

Xatırladaq ki, Ermənistanda Konstitusiyaya dəyişikliklər edilməsi üzrə keçirilən referendumun nəticələrinə əsasən, ölkə parlament üsul-idarəsinə keçib. Ermənistanda əsas söz sahibi daha Prezident deyil, Baş nazirdir.

Məftun Salmanov