Logo

Politoloq: Sarkisyan planlaşdırılmış şəkildə getdi


Ermənistanda baş verən etiraz aksiyalarının gedişi göstərdi ki, proseslər öncədən planlaşdırılıb və ciddi şəkildə idarə olunur.

BunuTopXeber.Az-a politoloq Elçin Mirzəbəyli Ermənistanın Baş naziri Serj Sarkisyanın postundan istefa verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistandakı hadisələr təsadüfi baş verməyib: “Bu qədər insanın ayağa qaldırılması və belə böyük prosesin idarə edilməsi üçün böyük vəsaitlər lazımdır. Aksiyaların təşkil olunmasına çox güman ki, böyük vəsaitlər xərclənmişdi. Burada maliyyə faktoru böyük rol oynamışdı”.

S. Sarkisyanı əvəzləyəcək siyasətçiyə gəlincə, E. Mirzəbəyli qeyd edib ki, Baş nazir postuna hökumət başçısının birinci müavini Karen Karapetyanın da gətirilmə ehtimalı var: “Karapetyan və ya başqa siyasətçi Baş nazir seçilə bilər. İstənilən halda bu, razılaşdırılmış şəkildə olacaq. Yeni Baş nazirin namizədliyi həm diasporla, həm də Ermənistanın daxili siyasi qüvvələri ilə razılaşdırılacaq”.

Rusiyanın Ermənistdakı etiraz aksiyalarına mövqeyinə də toxunan həmsöhbətim diqqətə çatdırıb ki, Moskva Ermənistanın daxili proseslərində hər hansı bir qüvvəyə dəstək verməyəcək: “Çox güman ki, Rusiya reallığı düzgün dəyərləndirib. Artıq etiraz aksiyalarına hərbçilərin də qoşulduğunu görüblər. Və bundan sonra anlayıblar ki, proseslər hansı istiqamətdə gedir. Belə olan təqdirdə Moskva yəqin ki, yeni seçiləcək Baş nazirlə dialoqu və əməkdaşlığı davam etdirmək məcburiyyətində olacaq. Bu aspektdən də Kreml öz maraqlarından çıxış edərək ölkənin daxili işlərinə qarışmamaq yanaşmasını sərgilədi”.

Məftun Salmanov